Bayraqdar.info – Bu fikir mayın 5-də Bişkekdə yeni Konstitusiyanın imzalanma mərasimində səslənib.
Qırğızıstan Prezidentinin Ofisindən bayraqdar.info-ya daxil olan məlumata görə, ölkə Prezidenti Sadır Caparov dünya qırğızlarını bir araya toplayıb qurultay keçirməyin zərurətindən danışıb.
“Əgər biz aşağı potensiallı zəif xalq olsaydıq tarixin təkərləri altında qalıb yox olardıq. İzsiz-tozsuz yox olmuş bir çox xalqlar kimi adımızı belə saxlaya bilməzdik. Lakin unutmaq olmaz ki, biz onlarla əsr boyu nəhəng Avrasiya məkanında öz irsimizi və “qırğız” adımızı qoruyub saxlaya bilmişik”, – deyə Prezident xalqa müraciətində bildirib.
S.Caparov deyib ki, qırğızlar yer kürəsinin sivilizasiyaların və fərqli mədəniyyətlərin kəsişməsi olan tam mərkəzində yaşayır.
“Ona görə də bizim qırğız kimliyi üzərindən öz yolumuzu tapmağımız lazımdır. Başqa sözlə desək, öz iqtisadi inkişaf modelimizi tapmalıyıq”, – deyə o, bildirib.
Qırğızıstan Prezidenti bu cür məsələlərin geniş müzakirəsi üçün ölkənin müstəqilliyinin 30-cu ildönümü ərəfəsində qırğızların ümumdünya qurultayını keçirməyə çağırış edib.
“Bizim “təbii idarəetmə”, “qırğız etnosunun təbii xarakteristikasına uyğun idarəetmə” konsepsiyasını tətbiq etməyimiz lazımdır”, – deyən Prezident əlavə edib ki, “elə ona görə də Konstitusiyada Qurultay Təsisatı yer alıb”.





