Press "Enter" to skip to content

“Keşikçidağ”dakı “Kurqanlar vadisi”nə səyahət – VİDEO

Son yeniləmə: 9 Avqust 2021 11:47

“Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisindəki kurqandan tapılan silindrik möhür-boyunbağı e.ə. II minilliyə aiddir

Bayraqdar.info – Ağstafa rayonunda olarkən Mədəniyyət Nazirliyinin nəzdində olan “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun (“Keşikçidağ” DTMQ) ərazisində arxeoloji qazıntıların aparıldığını və iki böyük kurqanın açıldığını eşitdim. Tapılan maddi-mədəniyyət nümunələri o qədər maraq doğurmuşdu ki, ölkənin bütün telekanalları bura tökülmüşdü. Kurqanlarda arxeoloji qazıntılar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə aparılırdı.

Maraq üstün gəldi və 40 dərəcə isti olmasına rəğmən kurqanları görmək həvəsinə düşdüm. Kurqanlarla tanış olmaq məqsədilə “Keşikçidag” DTMQ-nun ərazisində tədqiqatı aparılan kurqanlara yollandım.

Qeyd edim ki, Ağstafa rayonunun bu hissəsini “Kurqanlar vadisi” adlandırırlar. Çünki burada çoxlu sayda kurqan mövcuddur. Mənim kurqanlarla tanışlığa gəlməyimdən bir gün əvvəl Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsləri də kurqanlarla tanış olmağa gəliblərmiş.

“Kurqanlar vadisində”…

Yolboyu günəbaxan, qarğıdalı tarlaları əkilmiş, məşhurların doğulub-böyüdüyü kəndlərdən keçirik. Nəhayət ki, bu da məşhur, səs-küylü kurqanların qazıldığı Sarıyoxuş dərəsi…

Qaynar isti olsa da, hərdən sərin meh əsir. (Yaxşı ki, “şlyapa” taxmışam, əks halda günvurmaya məruz qala bilərdim).

Avtomobildən düşən kimi Qoruğun rəhbəri Musa Mursaquliyev və əməkdaşları məni çox xoş qarşıladılar. Kəklikotundan dəmlənmş ləzzətli samovar çayndan içə-içə kurqanlarla tanış oluram.

Artıq 1 saylı kurqanın üzərindəyəm. Xeyli foto və video çəkib arxelolq-alim P.Qasımovun icazəsi ilə kurqana düşürəm. İçəridə son tunc dövrünə aid (e.ə. IV-X əsrlər) qılınc, küplər və yarıbükülü vəziyyətdə insan skeleti var.

Arxeoloji tədqiqat barədə məlumat verən arxeoloi qazıntının rəhbəri P.Qasımov bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə çərçivəsində arxeoloji tədqiqatlar yeni mərhələyə qədəm qoyub.

““Keşikçidağ” DTMQ ərazisinə daxil olan Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlar 2020-ci il dekabrın sonundan 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilasetmə işləri və arxeoloji kəşfiyyat müddətində qeydə alınaraq GPS koordinatları götürülüb. Kurqanlar Candar gölünə yaxın hündür ərazidə yerləşir.

“Tarixən şimaldan və cənubdan iri miqrasiyaların daşıdığı mədəniyyətlər, dini-ideoloji baxışlar, innovativ sosial və texnoloji ideyalar Sarıyoxuş dərəsinin daxil olduğu nəhəng Ceyrançöl zolağı boyunca hərəkətdə olub. Tunc və İlk dəmir dövründə arealın otlaqlar üçün yararlılığı, təbiətinin zənginliyi, su mənbələrinin yaxınlığı və xüsusilə də ticari karvan yollarının bu ərazidən keçməsi qədim tayfalar üçün konkret olaraq Sarıyoxuş, Karvan və Qaltan dərələrinin strateji əhəmiyyətini artırırdı.

“Bu məkana sahiblənən Tunc dövrünün tayfaları bu ərazilərə öz sərhəd və mülkiyyət nişanını qoyurdu. Öz dövrü üçün ən funksional sərhəd və mülkiyyət markeri – kurqan tipli qəbir abidələri idi. Tayfaların hakim təbəqəsinə daxil nümayəndələrin kurqan tipli qəbir abidələrində dəfni ərazilərin kimin mülkiyyəti olmasını bildirirdi. Digər tərəfdən, kurqan – mümkün rəqiblərə kurqanlarda uyuyan əcdadlarının toxunulmazlığının təmin edilməsi üçün döyüşməyin bir şərəf məsələsi olması barədə ərazinin sahibi olan tayfa birliyinin xəbərdarlıq ismarıcını daşıyırdı.

“Hər iki kurqan Ağstafa-Poylu-Gürcüstan Respublikası avtomobil yolunun 39-cu km-də Keşikçidağ DTMQ-ə tərəf ayrılan hissəsinin 7-ci km-də yerləşir. Şimal-cənub xətti boyu 16 m, şərq-qərb boyu 14 m ölçülərə malik Sarıyoxuş dərəsi 1 saylı kurqanın tədqiqatları zamanı daş örtüyün altında Son Tunc – İlk Dəmir dövrünə aid zəngin dəfn aşkar edilib.

“İlkin tədqiqatlar zamanı dəfn kamerasında Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan “o dünya üçün azuqə” kimi skeletin kəllə nahiyəsi tərəfində qara cilalı, üzəri naxışlı bir neçə küpə, kiçik buynuzlu ev heyvanlarının bişmiş tikələrinin sümük qalıqları, tuncdan qılınc, dəvəgözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, geyimin tuncdan aksessuarları qeydə alınıb”, – deyə arxeoloq-alim bildirir.

2 saylı kurqandan 1 insan skeleti, 13 küpə və qılınc tapılıb

Sarıyoxuş dərəsindəki 2 saylı kurqan 1-ci kurqandan bir az aralıda, ondan şimal-şərq istiqamətində, təqribən 20 metr məsafədə, 7 metr hündürlükdə yerləşir. Alimin sözlərinə görə, ümumi diametri təqribən 18 m olan Sarıyoxuş dərəsindəki 2 saylı kurqan zənginliyi ilə digərini ötüb keçir. Bu kurqandan 13 ədəd müxtəlif ölçülü keramik qab – küpə (qulpsuz küplər) və dopu, tunc xəncər, yarıbükülü vəziyyətdə insan skeleti, obsidiandan ox ucluqları və digər xeyli sayda maddi-mədəniyyət nümunələri tapılıb.

Söhbətimiz 2 saylı kurqanın üzərində davam edir

“Kurqanın daş örtüyü bütünlüklə götürüldükdən sonra uzunluğu təqribən 6 m, eni 2 m olan cənub-qərbdən şimal-şərqə uzanan, üzəri simmetrik olaraq iri daş lövhələrlə örtülmüş dəfn kamerası aşkar edildi.

“Tədqiqatlar iri daş lövhələrin altında, təqribən 2.6 m dərinlikdə dəfnin icra olunduğunu göstərdi. Qəbir kamerası təqribən ortadan iki hissəyə bölünüb: cənub-qərb hissədə qara cilalı iri və orta ölçülü, üzərində şevron və “dırnaq” naxışları olan küpələr və dopular, həmçinin, qurban gətirilmiş müxtəlif iri və xırda buynuzlu ev heyvanlarının qalıqlarının yerləşdirildiyi qurbangah qurulub. Qurbangahla əsas dəfnin arasında dağdağan ağacından arakəsmə var idi. Ehtimal ki, yüksək sosial statusa malik qədim tayfa nümayəndəsini (tayfa başçısını) dizlərdən bükülü, “dua pozasında” dəfn kamerasının şimal-şərq hissəsində ağacdan qurulmuş taxtın üzərində yerləşdiriblər. Taxt dörd tərəfdən ağac kəsimləri ilə haşiyələnib. Skeletləşmiş insan qalıqlarının yanında tuncdan qılınc, qılınc qınının tuncdan sonluğu, obsidian və çaxmaq daşından ox ucluqları, olduqca yaxşı qalmış qapaqlı küpə aşkar edilib.

“Hər iki dəfnə yerləşdirilmiş maddi mədəniyyət nümunələrinin tipoloji xüsusiyyətlərinə görə, Sarıyoxuş dərəsi 1 və 2 saylı kurqanlarının Son Tunc – İlk Dəmir dövründə mövcud olmuş Xocalı-Gədəbəy mədəniyyətinin e.ə. 13-10-cu əsrlərə aid mərhələsi ilə dövrləşməsini ehtimal etmək olar. Üzvi tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizləri abidələrin tarixlənməsini daha da konkretləşdirə bilər”.

Tayfa başçısının möhürü boynundan asılmışdı…

Arxeoloqun bildirdiyinə görə, ilkin araşdırmalar zamanı Sarıyoxuş dərəsindəki 2 saylı kurqanın dəfn kamerasındakı skeletin boyun nahiyəsində aşkar edilmiş əqiqdən və saxsıdan hazırlanmış boyunbağı muncuqları arasında öz dövründə Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkməkdədir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Ön Asiyadakı Mitanni (hurri) imperiyasının ən yüksək inkişaf dövrünün (e.ə. IV-XIII əsrlərdəki) qliptika (oyma və yonma işi) üslubundadır. Silindrik möhürün aşkar edilməsi ilk növbədə burada dəfn olunmuş fərdin tayfa daxilində tutduğu yüksək sosial statusunu göstərməkdədir. Xüsusi sifarişlə hazırlanmış və Ön Asiya ərazisindən gətirilmiş bu möhürlə siyasi və iqtisadi sənədlər təsdiq edilir, əcnəbi tacirlərin tayfanın nəzarəti altında olan ərazilərində təhlükəsizliyi təmin edilirdi. Digər tərəfdən, silindrik möhür e.ə. II minilliyin ikinci yarısı və I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisidir.

“Sarıyoxuş dərəsinin göstərilən kurqanlarında tədqiqatların son mərhələsində məlum oldu ki, 1 saylı kurqanda dəfn edilmiş son tunc dövrünün yerli tayfalarının hakim təbəqə nümayəndəsi tuncdan ucluğa malik oxla öldürülüb. Belə ki, göstərilən kurqanda dəfn edilmiş insanın qalıqlarının tədqiq zamanı alt çənə sümüyünün sağ tərəfinin qanadvari qabarıqlıq hissəsi (tuberositas pterygoidea) üzərində saplaqlı tunc ox ucluğu aşkar edilib.

“Həmçinin, ərazinin arxeoloji kəşfiyyatı zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş örtüklü və 1 torpaq kurqan tipli qəbir abidəsi qeydə alınıb”, – deyə arxeoloq P.Qasımov bildrir.

Qarabağ qazilərinə kurqanlar haqda geniş bilgi verildi

Söhbətimizin yekunlaşmasına az qalmış bir neçə avtomobilin və bir mikroavtobusun ekspedisiya yerinə gəldiyini müşahidə etdim.

Bir neçə dəqiqədən sonra məlum oldu ki, gələnlər Ağstafa Dövlət Tarix Diyarşünaslıq, Qazax Dövlət Tarix Diyarşünaslıq muzeylərinin əməkdaşları, Qazax “Aveydağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun işçiləri və Qarabağ qaziləridir. Onlar da soraq aldıqları maraqlı kurqanlarla tanış olmağa gəlmişdilər.

Qonaqlar isti qarşılandı. Onları samovar çayı və şirniyyat süfrəsində ağırladılar. Ekspedisiya yerində olan maraqlı stendlər, broşürlər, kitabçalar, səliqə ilə düzülmüş və üzərlərində dövrü əks olunmuş maddi-mədəniyyət nümunələri, ox ucluqları və digər tapıntılar qonaqlarda böyük maraq doğurmuşdu.

Elə bu maraqdan irəli gələrək də fəlsəfə doktoru, arxeoloq-alim P.Qasımovu sual atəşinə tutmuşdular. Hətta kurqanlardan birinin üzərində skeletin nəyə görə yarıbükülü vəziyyətdə və üzü sağ tərəfə olmaqla dəfn edilməsi məsələsi də geniş müzakirə mövzusu oldu.

Bütün suallara ətraflı cavab alan qonaqlar sonda xatirə şəkli də çəkdirdilər.

Bakı-“Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğu-Bakı

 

 

 

Mission News Theme by Compete Themes.