Press "Enter" to skip to content

Araz Elsəs: Biz Arazda yenidən bütövləşəcəyik, birləşəcəyik

Araz Elsəs

Araz Elsəs: Bu gün azadlıq hərəkatının əsas qüvvəsi olan gənclər Güney Azərbaycanın bütünlüklə İran əsarətindən qurtulmasının tərəfdarıdır

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, tanınmış Güney Azərbaycanlı ozan Araz Elsəs 2022-ci ilin sonlarında Azərbaycan Respublikasında səfərdə oldu. Səfər zamanı bir sıra görüşlər keçirən A.Elsəs, həmçinin, işğaldan azad edilmiş əraizlərə də baş çəkdi.

“Araz yurdumuzu, millətimizi birliyə çağırır” – VİDEO

Bəs ümumiyyətlə, bu səfər tanınmış ozan üçün nələrlə yadda qaldı? Bugünlərdə onun BAYRAQDAR MEDİA-ya müsahibəsində həm bu, həm də digər suallara cavab aldıq.

Artıq başıuca, məğrur dayanmış bir Azərbaycan var

Öncə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və qalib Azərbaycanda olmağın hansı hissləri yaratdığına dair sualı cavablandıran A.Elsəs dedi: “Mən ötən ilin son ayında Azərbaycanda oldum. Neçə illər bundan öncə ilə müqayisə etsək, bugünkü Azərbaycan bambaşqa bir Azərbaycandır. Psixoloji baxımdan insanlar dikəlmiş. Azərbaycanın gəldiyi nöqtə çox qürurvericidir. Artıq başıuca, məğrur dayanmış bir Azərbaycan var. Buna görə də 44 günlük Vətən müharibəsinə, bu müharibədə canlarından, qanlarından keçən igidlərə, ümumilikdə bu savaşda əməyi keçən hər bir kəsə borcluyuq”.

Müsahibimiz qeyd etdi ki, azərbaycanlılar bu savaşda bir bədən, bir yumruq kimi birləşdi və torpaqları işğalçılardan azad etdi: “Bu, fövqəladə bir hadisə idi. Bunun özəlliklə Azərbaycanın Güneyinə və Güneydəki soydaşlarımıza çox böyük müsbət təsiri var. İnanıram ki, Azərbaycan daha da gücləndirkcə, bayrağımız daha yüksəkliklərdə dalğalandıqca yurdumuzun Güneyində olan soydaşlarımız da bu yüksəlişlərə baxıb yüksəlməyə can atacaqlar. Güneydəki soydaşlarımız İran zülmündən, əsarətindən xilas olaraq Quzeydəki dövləti ilə qucaqlaşacaq və Bütöv Azərbaycan yaranacaq”.

Arazın güneyində böyük hadisələr baş verir

“Bu gün Arazın o tayında nələr olur” sualına gəlincə, A.Elsəs, “Arazın güneyində böyük hadisələr baş verir və bundan sonra da baş verəcəkdir. İran adlanan coğrafiyadakı mövcud hakimiyyət və rejim gedəcək. Buna kimsənin şübhəsi olmasın. Artıq bütün proseslər ona aparır. Bu çöküşdən sonra bizim yüksəlişimiz baş verəcəkdir. Biz aza qane olmamalıyıq. Biz bu yüz il içərisində bir çox şeyləri sınadıq. Məşrutiyyətdən tutmuş federalizmin müxtəlif formalarına qədər sınadıq. Artıq bizim yanılmağa, səhv etməyə haqqımız yoxdur. Tarix bizim üçün böyük bir fürsət verəcəkdir. Bu fürsəti lazımi şəkildə dəyərləndirib millətimizi, yurdumuzu qurtarmalıyıq. Parçalanmış yurdumuzu birləşdirməliyik. Bu fürsəti əldən verməyə haqqımız yoxdur. Bir çoxları yanlış fikirlər səsləndirirlər. Amma buna uymaq olmaz”.

Güney Quzeylə qucaqlaşacaq və Bütöv Azərbaycan qurulacaq – VİDEO

Həmin yanlış fikirlərin nədən ibarət olmasına gəlincə, A.Elsəs, “Həmin yanlış fikirlərin sahibləri “ay nə bilim İranda daxili dəyişiklik olsun, İranda daha demokratrik bir ortam yaransın, biz də o demokratik havanın içində bəzi haqlarımızı əldə edək, bu bizə yetər” deyirlər. Amma bu fikirlər yanlış olduğu qədər millətimiz və yurdumuz üçün təhlükəlidir. Xoşbəxtlikdən belə düşünənlər çox azdır. Onlar bəzi uğursuz, hansısa qüvvələrin təsiri altında olan az saylı siyasətçilərdir. Xalqımız, gənclərimiz onların bu zərərli fikirlərini qətiyyətlə rədd edir. İstənilən halda belə fikirləri qətiyyən yaxına buraxmaq olmaz” dedi.

O, qeyd etdi ki, bu gün Güneydəki azadlıq hərəkatının əsas qüvvəsi olan gənclər Güney Azərbaycanın bütünlüklə İran əsarətindən qurtulmasının tərəfdarıdır: “Bir daha təkrar edirəm ki, yanılmağa haqqımız yoxdur. Əmin olun ki, əl-ələ verib bu yolda doğru-düzgün addımlayaraq millətimizi azadlığa qovuşduracağıq”.

Dövlət başçısının Güneydəki soydaşlarımızla bağlı verdiyi mesajlar olduqca önəmlidir

Müsahibəsində 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Güneylə bağlı çıxışlarına da toxunan A.Elsəs dedi ki, dövlət başçısının Güneydəki soydaşlarla bağlı verdiyi mesajlar olduqca önəmlidir: “Bu, Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsi, gələcək inkişafı, eləcə də dilimizə və ortaq dəyərlərimizə daha sıx bağlılığın təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu mesajlardan sonra Güneydəki soydaşlarımız, “artıq Quzeydəki dövlətimiz bizimlə maraqlanır, bizim qayğımıza qalır, bizi düşünür” deyirlər. Bu, oradakı insanlara çox böyük stimul oldu. Bu, insanların daha da ürəklə, qətiyyətli addımla bütövlük əzmi ilə, iradə ilə yürümələrinə təkan verdi”.

Bütövlüyümüzə bu gün dünəndən daha çox inanıram

Nəhayət, “Həsrət, ayrılıq ozanı Araz Elsəs nisgilini, vətən həsrətini uzun illər saza, sözə, nəğməyə köçürüb. Bəs Güney Azərbaycanın şahlanış marşı, ya da Bütövlük marşı nə zaman yazılacaq” sualını cavablandıran müsahibimiz bunun tezliklə olacağını dedi: “Bütövlük marşı yazılacaq, özü də tezliklə. Çünki mən bütövlüyümüzə bu gün dünəndən daha çox inanıram. Bütövlüyümüzə çox az qalır deyə düşünürəm. Bütövlüyə inanın, sevimli yurddaşlarım. Biz bütövləşəcəyik. Biz Arazda yenidən bütövləşəcəyik, birləşəcəyik. Orada sizin üçün bütövlük marşı söyləyəcəyik. O günlərə çox az qalır. Bu günə inanın. Bütövlüyə inanın. Hər şey inamdan doğur. Zərrə qədər belə şübhəniz olmasın. Bu vətən, bu yurd, bu torpaq, bu millət yenidən birləşəcək. Gələcək Bütöv Azərbaycandır!”.

Mission News Theme by Compete Themes.