Press "Enter" to skip to content

Dünya bir daha İranın bir terror dövləti olduğunu gördü

Məcid Cavadi

Məcid Cavadi: Dünya dövlətləri bu məsələ ilə ciddi məşğul olmalıdırlar və İrana qarşı beynəlxalq miqyasda ciddi tədbirlər görülməlidir

BAYRAQDAR MEDİA – “Gözlənildiyi kimi, İranın terror şəbəkəsinin izi bu terror hadisəsində də ortaya çıxdı. Yəni millət vəkili Fazil Mustafaya qarşı terrorun arxasından da İran çıxdı. Əslində, burada təəccüblü bir şey yoxdur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Onun sözlərinə görə, hadisənin ilk anından ortada olan mənzərə bu terrorun arxasında Tehranın, fars-molla rejiminin durduğuna işarə edirdi: “Elə də oldu. Əslində, biz uzun illərdir ki, məhz bütün dünyaya bunu çatdırmaq istəyirdik. Yəni fars-molla rejiminin region və dünya üçün təhlükə olduğunu, İranın bütün regiona terror ixrac etdiyini bildirirdik. Qeyd edirdik ki, fars-molla rejimi Suriya, Yəmən, İraq, hətta Türkiyə və Azərbaycana terror ixrac edir. Təəssüflər olsun ki, beynəlxalq birlik bu günə qədər bizim bu xəbərdarlığımıza yetəri qədər reaksiya vermədi. Reaksiya deyəndə, mən dünyanın fars-molla rejiminin terrorçu bir rejim olaraq tanıması və buna görə beynəlxalq birlik tərəfindən rəsmi Tehranın cəzalandırılmasını nəzərdə tuturam ki, bu istiqamətdə hələlik qəti bir addım atılmayıb”.

M.Cavadi deyib ki, cəzasız qaldığını görən fars-molla rejimi bir qədər də irəli getməyə başlayıb: “Bu da özünü Azərbaycana qarşı atılan addımlarda göstərir. Qeyd etdiyimiz kimi, Fazil Mustafaya qarşı terrorun arxasında da məhz fars-molla rejimi dayanır. Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, ələlxüsus da SEPAH-ın dayandığını aydın şəkildə göstərir. Hesab edirəm ki, dünya bir daha fars-molla rejiminin mahiyyətini gördü. Dünya bir daha İranın bir terror dövləti olduğunu, Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti apardığını gördü. Bundan sonra heç olmasa dünya dövlətləri bu məsələ ilə ciddi məşğul olmalıdırlar və İrana qarşı beynəlxalq miqyasda ciddi tədbirlər görülməlidir. Əks təqdirdə İranın yaratdığı terror dalğası getdikcə daha da genişlənəcək, dünyada və regionda sülhü, sabitliyi hər keçən gün daha da təhlükəyə atacaq”.

Mission News Theme by Compete Themes.