BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarındakı qiymətli nəşrlər sırasında tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun hazırladığı “Şuşa ziyalıları: unudulmuş irs” kitabı da var.
Kitabda mühacirətdə yaşamış, əslən Şuşadan olan, Azərbaycanın çox görkəmli ziyalılarının yazıları toplanıb. Tanınmış ziyalılardan Əhməd bəy Ağaoğlunun, Ceyhun Hacıbəylinin, Hilal Münşinin, Abay Dağlının, Hüseyn Baykaranın və Hüseyn Mirzəcamalbəyovun (Hüseyn Camal Yanarın) mühacirət irsindən araşdırılan bu yazılar oxuculara ilk dəfədir ki təqdim olunur.
Kitabdakı yazıları toplayan N.Yaqublu nəşrlə bağlı, “Şuşanın yetişdirdiyi çox şəxsiyyətlər var ki, onların irsi öyrənilməyib, doğma vətənimizdə nəşr edilməyib, oxuculara çatdırılmayıb. Bu kitabda zəngin qaynaqların bir hissəsini toplayıb oxuculara çatdırmağa çalışdıq. Düşündük ki, Şuşanın azad olunmasına ən böyük töhfəmiz bu böyük şəxsiyyətlərin irsinin uzun illər həsrət qaldığı vətənimiz Azərbaycanda nəşridir, yayılmasıdır, insanlarımıza çatdırılmasıdır” deyə bildirib.
2022-ci ildə nəşr olunmuş kitabın korrektoru İradə Quliyeva, yığıcı isə Nəzakət Muradovadır.
Qeyd edək ki, kitabdakı yazılardan humanitar elmlər sahəsində çalışanlar, magistratura sahəsində təhsil alan tələbələr, media mənsubları faydalana bilər.





