Telman Nüsrətoğlunun Türkiyədəki seçkilərədn bəhs edən məqaləsi “Türkiye Gazetesi”ndə
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, mayın 14-də qardaş Türkiyədə Cümhurbaşqanılığı və parlament seçkiləri keçiriləcək. Artıq Cümhurbaşqanlığı seçkilərində 4 namizədin mübarizə aparacağı da bəllidir. Onlardan biri də hazırki Cümhurbaşqanı Recep Tayyip Erdoğandır.
Onu da qeyd edək ki, Azərbaycanda əksər insanlar, o cümlədən siyasətçilər və elm adamları haqlı olaraq belə düşünürlər ki, türk dünyasının gələcəyi, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının daha da güclü şəkildə davam etməsi üçün R.T.Erdoğanın yenidən qalib gəlməsi arzuolunandır. Təbii ki, son sözü qardaş ölkənin vətəndaşları deyəcək. Lakin bununla belə öz müraciətlərində, qələmə aldıqları yazılarda Türkiyədəki qardaş-bacılaırmıza müraciət edən Azərbaycanın ziyalıları, siyasət adamları fikirlərini, o cümlədən müxalifət namizədi haqqında narahatlıqlaırnı da dilə gətirirlər.
Yeri gəlmişkən, tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlunun qələmə aldığı “Türk dünyasının geleceği və 14 Mayıs seçimleri” başlıqlı geniş məqalədə də bu məsələdən bəhs edilir. Qardaş ölkənin nüfuzlu mətbu orqanlarından olan “Türkiye Gazetesi”ndə dərc olunan məqalədə R.T.Erdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyənin və türk dünyasının tərəqqisi, Türkiyə-Azərbaycan əlaqələri, Azərbaycanın 44 günlük Vətən müharibəsində qardaş ölkənin verdiyi mənəvi-siyasi dəstək, dünya düzənində baş verən son proseslər, həmçinin Türkiyə müxalifətinin seçkilərə hansı proqram və strategiya ilə getdiyinə dair məqamlar geniş şəkildə təhlil edilib.
Bununla bağlı BAYRAQDAR MEDİA-ya açıqlama verən T.Nüsrətoğlu, “bu məqaləni qələmə almağımız heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Hazırda dünyada çox ciddi qarşıdurmaların, qütbləşmələrin, paylaşım savaşının getdiyi hər kəsə bəllidir. Yeni dünya nizamının, o cümlədən qlobal sistemin gələcəyinin də həll edildiyi dərin proseslərin içərisindən keçib gedirik. Çoxşaxəli, hətta ayrı-ayrı ölkələrin daxilindəki xarici bağlılığı da şübhə götürməyən bir-biriylə mübarizə şəraitindəki güc mərkəzlərinin mövcudluğunu da düşünsək, çoxfaktorlu, çox mərkəzli qarmaqarışıq mübarizənin, anlamaq və ona görə mövqe müəyyənləşdirmək üçün ciddi zəka və təcrübə tələb edən geosiyasi oyunların şahidi və iştirakçısıyıq” deyib.
O, qeyd edib ki, bu dumanlı şəraitdə baş verəcək geosiyasi kataklizmlərdən mümkün qədər az itki ilə çıxmaq, prosesləri öz lehimizə yönləndirmək üçün bütün mümkün inkişaf ssenarilərinə hazırlıqlı olmağımız vacibdir: “Gələcək dünyanın güc dağılımı da bu mübarizələrdə şəkillənərkən dəngələr və həlledici həmlələr baxımından kritik coğrafiyada yerləşən Türk-İslam dünyasının doğru siyasi-iqtisadi-hərbi hədəflər və sürətlə həyata keçirilən inteqrasiya prosesiylə yeni dünyanın qüdrətli güc mərkəzlərindən biri olma imkanı kimi qlobal güclərin nüfuz mübarizəsinin hədəfinə çevrilmə riski də mövcuddur. Hazırda biz nəhəng sənayesi, yüksək texnologiya həmlələriylə Çinin yüksəlişini, ABŞ-ın dünya hegemonluğunu öz əlində saxlamaq üçün göstərdiyi çabaları, Rusiyanın yeni ərazi işğalları və iddialarıyla qlobal sistemin əsas oyunçularından biri kimi, coğrafi super güc olaraq “mən də varam” dediyini, İsveç və Finlandiyanın NATO üzvlüyü, Almaniya- Rusiya, Fransa-Rusiya yaxınlaşmasının Ukrayna sahəsində əngəllənməsiylə hardasa Avropa Birliyinin yenidən formatlandığını müşahidə edirik. Çin gözlənilməz bir həmləylə İslam dünyasının iki antoqonist ölkəsi olan Səudiyyə Ərəbistanı ilə İranı uzlaşdıraraq Amerikaya mesaj göndərir. Həmçinin İran rejiminin daxili və xarici faktorlar baxımından qaçılmaz bir zərurətə çevrilən dəyişim və dönüşüm prosesinin qlobal və regional siyasətin inkişafına təsiri, Azərbaycan-Ermənistan münaqişəsinin bu geosiyasi mübarizənin içində hansı məcraya yönələcəyi ayrı-ayrı məsələlər olaraq gündəmdəki əhəmiyyətini qoruyur. Bütün bunların fonunda strateji coğrafiya olan Avrasiyanın ən kilit nöqtələrində yerləşən türk dövlətlərinin necə bir gələcək dizayn edəcəkləri yuxarıda bəhs etməyə çalışdığımız hazırlıqlardan, bu gücün lokomotivi olan Türkiyədə cərəyan edəcək hadisələrdən birbaşa aslıdır”.
T.Nüsrətoğlunun sözlərinə görə, həm bu, həm də digər zəruri məqamlara görə Recep Tayyip Erdoğanın yenidən Cümhurbaşqanı seçilməsi vacibdir: “Əlbəttə ki, Türkiyədəki bacı-qardaşlarımız prosesləri kifayət qədər yaxından izləyirlər və istər Türkiyə, istərsə də türk dünyasının gələcəyi üçün doğru olan qərarı verəcəklər. Bununla belə biz də bu məqaləni yazmaqla bəzi həssas məqamlara toxunmağı vacib bildik”.





