BAYRAQDAR MEDİA – Meksikanın aparıcı media qurumlarından olan “Milenio” qəzetində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bu ölkəyə səfərinin yekunlarına dair geniş müsahibəsi dərc olunub. Müsahibə eyni zamanda “Milenio” televiziyasında da yayımlanıb.
Embajador de Azerbaiyán visita México para ampliar lazos: “vamos a identificar algunos proyectos”
Müsahibə zamanı Elçin Əmirbəyov Azərbaycan-Meksika münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan üçün yaşıl enerjiyə keçidin əhəmiyyəti, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də meksikalı turistlər üçün Azərbaycanda mövcud imkanlar ətrafında jurnalistin suallarını cavablandırıb.
E.Əmirbəyov bir neçə ay əvvəl Azərbaycan və Meksika arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünün qeyd edildiyini vurğulayıb. O, ötən müddət ərzində iki ölkə arasında müsbət siyasi dialoqun mövcud olduğunu, həmçinin humanitar, mədəni və parlament sahələrində münasibətlərin inkişaf etdiyini bildirib, səfər zamanı keçirilmiş görüşlərdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün konkret addımların müzakirə edildiyini qeyd edib.
Mövcud geosiyasi şəraitdə həm Meksikanın, həm də Azərbaycanın öz ənənəvi tərəfdaşlıq coğrafiyalarını diversifikasiya etməyə çalışdığı və hər iki tərəfin yeni əməkdaşlıq sahələrini müəyyənləşdirmək üçün siyasi iradə nümayiş etdirdiyi qeyd olunub.
E.Əmirbəyov, habelə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və ölkənin təmiz enerji sahəsindəki yeni hədəflərindən söz açıb. O, Azərbaycanın uzun illər neft və təbii qaz sahəsində əsas enerji təminatçılarından biri olduğu ilə bərabər son dövrlərdə təmiz enerji mənbələrinin inkişafına daha böyük önəm verdiyini qeyd edib. E.Əmirbəyov günəş və külək enerjisi sahəsində böyük potensiala malik olan Azərbaycanın, qarşıdakı illərdə Orta Asiyadan və Güney Qafqazdan Qərbi Avropaya elektrik ixrac edəcək sualtı kabel layihəsini həyata keçirməyə hazırlaşdığını diqqətə çatdırıb. O, layihənin Orta Asiya ölkələrini, Azərbaycan və Gürcüstanı, həmçinin Rumıniya, Macarıstan və Bolqarıstanı əhatə etdiyini vurğulayıb. Müsahibədə son illərdə sərmayədarların daha çox Azərbaycanın müxtəlif bölgələri – xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrdə iştirak etməyə maraq göstərdiyini, ölkədə 150 giqavatdan çox təmiz enerji potensialının mövcud olduğunu bildirilib.
Daha sonra Azərbaycanın təkcə coğrafi mövqeyinə görə deyil, həm də son illərdə qazandığı artan siyasi çəkisinə görə Avrasiya regionunda açar dövlət hesab edildiyi, ölkənin nəqliyyat və əlaqələndirmə mərkəzi olmaqla yanaşı, siyasi və diplomatik fəaliyyətin də önəmli mərkəzinə çevrildiyi qeyd olunub. Bu kontekstdə meksikalıların Azərbaycanın xarici siyasətinin balanslı, praqmatik və çoxşaxəli xarakterini başa düşməsinin vacib olduğu vurğulanıb. Azərbaycanın heç bir böyük güc mərkəzinə tam şəkildə bağlı olmadığı, strateji muxtariyyətini qoruyub saxladığı və bir çox qonşu ölkələr üçün etibarlı tərəfdaş və müttəfiq rolunu oynadığı bildirilib.
E.Əmirbəyov müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh prosesinin vacibliyini vurğulayaraq, cari ilin mart ayında sülh sazişi layihəsi üzrə danışıqların tamamlandığını, sazişin imzalanacağı təqdirdə uzunçəkən qarşıdurmanın geridə qalacağını və Güney Qafqaz ölkələrinin iqtisadi inteqrasiyasına önəmli töhfə verəcəyini deyib. O, həmçinin sazişin imzalanmasına maneələrdən söz açıb. Sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamlar, ələlxüsus Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının mövcudluğu vurğulanıb və bu Konstitusiyada həmin ziddiyyətlərin aradan qaldırılmasının vacibliyi qeyd edilib. O, sülhsevər bir ölkə kimi Meksikanın Azərbaycanın sülh təşəbbüsünü dəstəkləməsinin əhəmiyyətini vurğulayaraq və Güney Qafqazda sabitliyin təmin edilməsinin qlobal və regional təhlükəsizliyə töhfə verəcəyini qeyd edib.
Sonda E.Əmirbəyov iki xalq arasındakı ortaq xüsusiyyətlərə toxunaraq, Azərbaycan və Meksika arasında qonaqpərvərlik, mehribanlıq və mədəni zənginlik baxımından bənzərliklərin olduğunu vurğulayıb. O, Azərbaycan xalqının mehriban, səmimi və zəhmətkeş, zəngin və rəngarəng tarixə və mədəniyyətə malik olması, həmçinin ölkənin möhtəşəm mətbəxi ilə fərqləndiyini bildirib. Bununla yanaşı, Azərbaycanın qədim İpək Yolunun üstündə yerləşməsi və bu gün də müxtəlif qitələrin, sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində olmasının ölkəni turizm üçün daha da maraqlı etdiyini diqqətə çatdırıb. E.Əmirbəyov, Azərbaycan xalqının mədəni müxtəlifliklə fəxr etdiyini, müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin harmoniya içində yaşadığını qeyd edib.





