BAYRAQDAR MEDİA – Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi vəhşi təbiətdə quduzluq xəstəliyinə qarşı mübarizə çərçivəsində Elazığ da daxil olmaqla 14 vilayətdə havadan oral peyvənd tətbiq etməyi planlaşdırır.
Bu barədə elazigsonhaber.com saytı məlumat verib.
Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 55 min kvadratkilometr əraziyə təyyarələrlə 815 min 200 doza oral quduzluq peyvəndi olan yemlərin atılması nəzərdə tutulur. Elazığla yanaşı, Erzincan, Adana, Adıyaman, Bingöl, Erzurum, Kahramanmaraş, Kayseri, Malatya, Mersin, Muş, Osmaniyə, Sivas və Tuncelidə də tətbiq həyata keçiriləcək. Məqsəd vəhşi təbiətdə yaşayan tülkülərin quduzluğa qarşı immunitet qazanmasını təmin etmək və xəstəliyin digər heyvanlara, eləcə də insanlara yoluxma riskini azaltmaqdır.
Təyyarələrdən atılacaq xüsusi yemlərin xarici təbəqəsi tülkülərin diqqətini cəlb edəcək şəkildə hazırlanıb. Yemlərin daxilində yerləşdirilən peyvənd kapsulları heyvanlar tərəfindən qəbul edildikdən sonra immunitetin formalaşmasına kömək edəcək.






İlk şərhi yaza bilərsiniz