“Bu gün əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyətini daşıyırıq”
BAYRAQDAR MEDİA – “Türk Dövlətləri Təşkilatı türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirərək bölgəmizin ən güclü əməkdaşlıq strukturlarından birinə çevrilib. Türkiyə bu strukturu daha da gücləndirmək və ortaq dəyərlər əsasında irəliləyişini davam etdirmək üçün ilk gündən böyük səylər göstərir”.
Bunu Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim başqanı Fahrettin Altun Bakıda “Dildə, fikirdə, işdə birlik – Türk dünyasının gələcəyi” mövzusunda keçirilən panel iclasında videoformatda çıxışı zamanı deyib.
Fahrettin Altun çıxışında türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilən paneli son dərəcə mənalı hesab etdiyini və xeyirli olacağına ümidvar olduğunu deyib.
Videoformatda çıxışda daha sonra deyilib: “Mərhum İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” şüarı keçmişdən bu günə türk dünyasının şüarı olub. “Dildə birlik”: Bu, ünsiyyət və anlaşmamızı gücləndirmək və ümumi dilin daşıyıcısı olduğu dəyərləri nəsillər boyu yaşatmaq deməkdir. “Fikirdə birlik”: Türk dünyasının ortaq baxışını qlobal sınaqlar və çağırışlar qarşısında ortaq strateji düşüncə ilə formalaşdırmaq deməkdir. “İşdə birlik”: Məqsədimiz iqtisadi inkişafdan təhsil islahatlarına, rəqəmsal transformasiyadan gənclərin bilik və bacarıqlarının inkişafına qədər hər sahədə konkret layihələrlə irəliləməkdir”.
Çıxışında davam edən F.Altun vurulayıb ki, “türk dünyası ölkələri olaraq ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə bu gün əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyətini daşıyırıq. Bu məsuliyyəti dərk edərək ümid edirəm ki, panelimiz intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, konkret addımlarla irəliləməyimizi təmin edən ilham mənbəyi olacaq. Türk dünyasının qədim mərkəzlərindən biri olan Bakıda keçirdiyimiz toplantının dəyərli natiqlərinə və tədbirin təşkilində əməyi keçən dəyərli həmkarlarıma təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu görüş Türk millətinin və Türk dünyasının gələcəyi və firavanlığı üçün faydalı olacaq”.





