BAYRAQDAR MEDİA – Ankarada nəsli tükənmək təhlükəsi ilə üz-üzə qalan Ankara pişiyinin qorunub saxlanılması məqsədilə 2017-ci ildə yaradılan mərkəzdə bu günədək 700-ə yaxın pişik yetişdirilərək sahibləndirilib.
Bu barədə baskentgazete.com.tr saytı məlumat yayıb.
Məlumata görə, Ankarada Pursaklar Bələdiyyəsi tərəfindən 2017-ci ildə “Ankara Pişiyini qoruma, yaşatma və tanıtma mərkəzi” təsis edilib: “Mərkəzdə indiyədək minə yaxın pişik yetişdirilib. Uzun, parlaq tükləri və fərqli göz rəngləri ilə seçilən bütün pişiklər çiplənərək soy izlənməsi əsasında qeydiyyata alınıb. Bu günədək mərkəzdə yetişdirilən 700-ə yaxın Ankara pişiyi yeni sahiblərinə təhvil verilib”.
Mərkəzdə çalışan baytar texniki Ayşegül Korkmaz bildirib ki, Ankara pişiyi Türkiyə Respublikası qanunvericiliyinə əsasən qorunan endemik bir cinsdir: “Ankara pişiyi Anadoluya, xüsusilə Ankaraya məxsusdur, milli mədəniyyətimizin bir parçası və milli sərvətimizdir. Bu səbəbdən Pursaklar Bələdiyyəsi olaraq bu cinsin qorunması və davamlılığı üçün çalışırıq. Mərkəzimiz eyni zamanda Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən təsdiqlənmiş istehsal fermasıdır.”
Sahibləndirmə prosesinə də toxunan A.Korkmaz bildirib ki, Ankara pişiyi sahiblənmək istəyən vətəndaşlardan əlaqə məlumatları alınır, balaların təhvil verilməsi isə doğumlara uyğun olaraq müəyyən dövrlərdə həyata keçirilir: “Balaları təhvil verilməzdən əvvəl mərkəzimizdə çip və pasport prosedurlarından keçirilərək Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin onlayn sistemində qeydiyyata alınır. Beləliklə, hansı pişiyin kimə verildiyini izləyə bilirik. 2017-ci ildən bu yana bütün ana və ata pişiklərimiz çiplidir. Pişiklərimiz tək-cütlük əsasında yetişdirilir. İnsanlardakı kimi soy kütükləri mövcuddur. Bu yolla həm doğum göstəricilərini, həm də genetik davamlılığı izləyirik. 2017-ci ildən bu yana ümumilikdə 600–700 Ankara pişiyi sahibləndirilib.”
Ankara pişiklərinin xarakter xüsusiyyətlərinə də toxunan A.Korkmaz, bu cinsin hərəkətli və ovçu təbiətini qoruduğunu bildirib və balalıq dövründə düzgün ünsiyyətin vacibliyini vurğulayıb: “Ümumiyyətlə, çox hərəkətli və oyunbaz pişiklərdir. Sahiblərinə də çox bağlı olurlar. Biz istəyirik ki, körpəlik dövründə daha çox qucaqda sevilsinlər, həddindən artıq hərəkətə alışdırılmasınlar. Çünki mövcud hərəkətliliyi daha da artırarsanız, gələcəkdə düz divara dırmaşan bir pişiyiniz ola bilər. Həmçinin əl və ayaqla oynadılmasını qətiyyən istəmirik. Səhv oyunlar sonradan davranış problemlərinə yol aça bilər.”
Hazırda mərkəzdə 50 yetkin Ankara pişiyinin olduğunu bildirən A.Korkmaz, onlardan yalnız 3-nün erkək olduğunu qeyd edib. Erkək pişiklərin dominant xarakterlərinə görə ayrı sahələrdə saxlanıldığını deyən Korkmaz, peyvənd mərhələsindən sonra mart ayından etibarən cütləşdirmə işlərinə başlanılacağını bildirib.
https://www.baskentgazete.com.tr/ankara-kedisini-yasatan-merkezden-700e-yakin-sahiplendirme





