Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası uğurla başa çatdı
BAYRAQDAR MEDİA – Mayın 14-də Bakıda yeni bir tarix yazıldı. “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirildi. Tədbirə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılmışdı.
Əvvəlcə təşkilatın birillik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, Qlobal Cənub dünya arenasında mühüm rol oynayır: “Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik. Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib”.
Hikmət Hacıyev çıxışında xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərinə də toxundu: “Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib”.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında bildirdi ki, bugünkü görüş təkcə institusional bir mərhələ deyil, həm də Azərbaycanda keçirilən COP29 zamanı yaranan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun, Qlobal Cənubun yaradılmasının davamıdır: “Eyni zamanda, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformalar yaratmaq baxımından davamlı öhdəliyidir. Bu platforma dialoq üçün bir məkan olmaqdan daha çoxdur. Bu, fəaliyyət qüvvəsidir. Bu gün Bakıda Baş Assambleyanın keçirilməsi bu vizyonun reallığa çevrildiyinin açıq göstəricisidir”.

Hesabat çıxışı edən Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub Platformasının vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biri kimi qəbul edildiyini dedi: “Platforma artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınır”.
Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç BMT Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciəti səsləndirdi.
Müraciətdə bildirilir ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə inklüziv iştirakın təşviqi istiqamətindəki davamlı səylərini yüksək qiymətləndirir. Qlobal Cənub QHT Platforması qlobal həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva nəzərə çatdırdı ki, bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişikliyi, humanitar çağırışlar və artan bərabərsizliklərlə üz-üzədir: “Belə bir dövrdə Qlobal Cənubun baxış bucağı daha aydın və daha güclü şəkildə eşidilməlidir”.

Tədbirdə həmçinin, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib, BMT-nin Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Gallegos, Somali Federativ Respublikası Prezidentinin müşaviri, “Sadar” İnstitutunun təsisçisi və baş icraçı direktoru Mohamed Osman Mohamoud, İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim də çıxış etdi.
Çıxışlarda tədbirin ilk dəfə Cənubi Qafqazda keçirilməsinin xüsusilə əhəmiyyətli olduğu bəyan edildi.
Tədbir çərçivəsində Qlobal Cənub QHT Platformasının institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənədi qəbul edildi.
Daha sonra Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçildi.
GSNP-nin rəhbər strukturuna seçilənlər təqdimatlarla çıxış etdilər.
Sonra Baş Assambleya işini panel iclasları ilə davam etdirdi.
Sonda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edildi.






İlk şərhi yaza bilərsiniz