QHT Agentliyi türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib
BAYRAQDAR MEDİA – “Qazaxıstanda – Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə türk dövlətlərinin liderləri bir daha bütün dünyaya birlik, güc, həmrəylik mesajları verdilər”.
Bunu Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumundakı çıxışında QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov deyib.
Çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz andiçmə nitqində ifadə etdiyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?” sözlərinə xatırladan F.Məmmədov qeyd edib ki, hazırda türk dünyası yüksəliş dövründədir.
QHT Agentliyinin Müşahidə Şurasının sədri türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri kimi bu tribunadan elan edirəm ki, biz türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq. Bu istiqamətdə təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə bu işi təşkil etməyə hazırıq. Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT qarşısında şərt qoyulur ki, layihələr müvafiq tərəfdaş ölkədə keçirilsin”.






İlk şərhi yaza bilərsiniz