Son yeniləmə: 21 İyun 2026
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsinin yekun tədbiri Bakı şəhərində Gəncliyə Yardım Fondunda təşkil olunub.
İctimai Birlikdən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin milli-mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, hazırlanma xüsusiyyətləri və estetik dəyərləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq qonaqlara milli geyimlərimiz və kəlağayı sənəti haqqında geniş məlumat çatdırılıb.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib.
Sonra şəhid Müşfiq Orucovun anası Aygün Məmmədli, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvləri Səringül Sadə, Lalə İsmayıl, Səyalı Dadaşova, Qulu İsmayılov, Vətəndaş İştirakçilıgının Təşviqinə Dəstək İB- nin sədri Taleh Əliyev, Ailələrə Sosial Dəstək İB-nin sədri Esmira Rəhimova, Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova, AMEA- nın dosenti Səkinə Hacıyeva, şair, qazi Nadir Həsənoglu və Vüsal Sehranoğlu çıxış ediblər. Natiqlər layihənin əhəmiyyətindən, milli geyimlərin və kəlağayının Azərbaycan xalqının milli kimliyinin formalaşmasında oynadığı roldan danışıb, bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbirin bədii hissəsində aşıq İsmayıl İncəli, aşıq Xədicə Göycəli və aşıq Samir Borçalı maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Zəhra Əzimova isə tədbirdə milli-mənəvi dəyərlərə və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirib.
Bununla da “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz