Press "Enter" to skip to content

Daşkənddə “Bakı Prosesi” təqdimat mərasimi

Daşkənddə “Bakı Prosesi” təqdimat mərasimi

BAYRAQDAR MEDİA – Azərbaycanın Özbəkistandakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu il Azərbaycanda təşkil olunacaq VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bakı Prosesi: Azərbaycan–Özbəkistan dostluq əlaqələrində mədəni dialoqun rolu” mövzusunda təqdimat tədbiri keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “proqramda Özbəkistanın müxtəlif ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti, ictimaiyyət və media nümayəndələri, tələbələr, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər. Mədəni tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli “Bakı Prosesi”nin beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirib ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun inkişafına, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm qlobal platformadır. O qeyd edib ki, Azərbaycan və Özbəkistan kimi tarixi, mədəni və mənəvi yaxınlığa malik iki dost ölkə arasında münasibətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində bu modelin uğurlu nümunələrindən birinə çevrilib. Çıxışda Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platformalarına təşəbbüs göstərməsi və ev sahibliyi etməsinin təsadüfi olmadığı vurğulanıb. Bildirilib ki, COP29-un Bakıda keçirilməsi, eləcə də XIII Ümumdünya Şəhərsalma Forumuna — WUF13-ə Azərbaycanın ev sahibliyi etməsi ölkənin beynəlxalq əməkdaşlıq, davamlı inkişaf, mədəni dialoq və qlobal humanitar təşəbbüslər sahəsində artan rolunun göstəricisidir”.

Bildirilib ki, “təqdimatda “Bakı Prosesi”nin yaranma tarixi, konseptual əsasları və mədəniyyətlərarası dialoq mexanizmi kimi əhəmiyyəti barədə məlumat verilib. İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” müxtəlif ölkələri və mədəniyyətləri bir araya gətirən, səmərəli dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığa geniş imkanlar yaradan mühüm beynəlxalq təşəbbüsdür. Həmçinin tədbirdə mədəni əməkdaşlığın Azərbaycan–Özbəkistan münasibətlərinin daha da dərinləşməsində rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, mədəniyyət günləri, sərgilər, konsertlər, ədəbi görüşlər və birgə layihələr iki xalq arasında yaxınlığın, qarşılıqlı etimadın və müsbət imicin güclənməsinə mühüm töhfə verir. Bu baxımdan mədəni dialoq Azərbaycan və Özbəkistan münasibətlərinə humanitar məzmun qazandıran, dostluq əlaqələrini möhkəmləndirən və əməkdaşlığın davamlı inkişafını təmin edən vacib amillərdən biri kimi qiymətləndirilib”.

Qeyd olunub ki, “yerli nümayəndələr çıxışlarında “Bakı Prosesi”nin Azərbaycan–Özbəkistan münasibətlərində mühüm humanitar platforma kimi əhəmiyyətini vurğulayıblar. Siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, xalqlar arasında mənəvi yaxınlıq və mədəni əməkdaşlıq münasibətlərin dayanıqlılığını təmin edən əsas şərtlərdən biri olduğunu bildiriblər”.

Sonda, ““Bakı Prosesi”nin müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqu təşviq edən mühüm beynəlxalq bir proqram olmaqla yanaşı, Azərbaycan–Özbəkistan münasibətlərində də dostluq, qarşılıqlı etimad və mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyi” vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.