Bakıda keçirilən tədbirdə Azərbaycan–Türkiyə media əməkdaşlığının inkişafı, ortaq layihələr və mətbuatın qardaşlıq münasibətlərindəki rolu vurğulanıb
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, iyulun 22-də Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan Regional Rəhbərliyi Milli Mətbuat Günü münasibətilə paytaxt Bakıda jurnalistlər üçün səhər yeməyi proqramı təşkil edib. Tədbirdə Türkiyənin Bakıdakı Səfirliyinin Mətbuat Müşaviri Cahangir İşbilir, UID Azərbaycan Bölgə sədrinin müavini Ramazan Karaşahin, UID Azərbaycan Tanıtım, Media və İnformasiya Texnologiyaları üzrə Bölmə sədri Zekai Arabacı, TRT Azərbaycan Nümayəndəliyinin rəhbəri Sefa Burak Bozyel, Yunus Emre İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, Türkiyə qurum və təşkilatlarının nümayəndələri, UID üzvləri və çoxsaylı jurnalistlər iştirak ediblər.
Tədbir zamanı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafında medianın oynadığı mühüm rola diqqət çəkilib, iki ölkə arasında mətbuat və informasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Ramazan Karaşahin: Mətbuat bizim üçün ən önəmli dəyərlərdən biridir
Çıxış edən UID Azərbaycan Bölgə sədrinin müavini Ramazan Karaşahin Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyi və UAİD Azərbaycan Azərbaycandakı mətbuat nümayəndələrinin bir qrupu ilə bir araya gəlmək, mətbuat tariximizin işıqlı səhifələrindən bəhs etmək və bu günü birlikdə qeyd etmək qərarına gəliblər.

Çıxışına Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü ilə bağlı UID adından media təmsilçilərini təbriklə başlayan Ramazan Karaşahin qeyd edib ki, Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabi tərəfindən nəşr edilən ilk qəzet – “Əkinçi” qəzeti ilə fəaliyyətə başlayıb. Sədr müavini bildirib ki, Azərbaycan milli mətbuatı o vaxtdan bu günə qədər uzun bir inkişaf yolu keçib: “Əvvəlcə qələm və kağızdan başlayan bu yol qəzet çapı, makinalar, daha sonra kompüterlər və rəqəmsal texnologiyalarla davam edib. Bu gün isə Azərbaycan mətbuatı süni intellektdən də istifadə edərək dünya mediası ilə rəqabət apara biləcək, xəbərləri daha operativ və daha dəqiq şəkildə dünyaya çatdıra biləcək bir səviyyəyə yüksəlməkdədir. Azərbaycan milli mətbuatının tarix boyu keçdiyi inkişaf yoluna nəzər saldıqda görürük ki, doğru xəbərin xalqa çatdırılması, düzgün məlumatın verilməsi, ictimai fikrin formalaşdırılması, ölkənin milli birlik və bərabərliyinin qorunması, xalqın nəbzinin tutulması və cəmiyyətin məlumatlandırılması baxımından mətbuat bizim üçün ən önəmli dəyərlərdən biridir. Necə ki, bir siyasətçi, hökumət və ya dövlət adamı ölkəsini qətiyyətlə müdafiə edə bilir, mətbuat da cəmiyyəti düzgün məlumatlandırmaqla ölkəsini müdafiə edir, müstəqilliyini qoruyur və onun uğrunda öz sözünü deyə bilir”.
Bu gün UID dünyanın 32 ölkəsində fəaliyyət göstərən ən böyük türk diasporu vətəndaş cəmiyyəti təşkilatlarından biridir
Çıxışda bildirilib ki, Beynəlxalq Demokratlar Birliyi (UID) 2004-cü ildə Almaniyanın Köln şəhərində yaradılıb: “Bu gün UID dünyanın 32 ölkəsində, 60-dan artıq regional təşkilatı, 300-ə yaxın şöbəsi və 35 minə yaxın üzvü ilə fəaliyyət göstərən ən böyük türk diasporu vətəndaş cəmiyyəti təşkilatlarından biridir. UID türk diasporunun və türk mənşəli icmaların birlik və həmrəyliyini gücləndirməyi, milli və mənəvi dəyərləri yaşatmağı, Türkiyənin və Türk dünyasının beynəlxalq aləmdə düzgün təmsil olunmasına töhfə verməyi qarşıya məqsəd qoyub”.
Qeyd olunub ki, UID Azərbaycan “Bir millət, iki dövlət” prinsipi əsasında Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində sosial, mədəni, akademik və ictimai diplomatiya sahələrində fəaliyyətini davam etdirir.

“İl ərzində konfranslar, panellər, anım proqramları, gənclər və qadınlarla bağlı layihələr, iş adamlarının görüşləri, təhsil proqramları, mədəni tədbirlər və sosial məsuliyyət layihələri həyata keçirilir. Eyni zamanda dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, universitetlər, media nümayəndələri və iş dünyası ilə əməkdaşlıq çərçivəsində birgə layihələr reallaşdırılır”, – deyə Karaşahin əlavə edib.
Sədr müavini bildirib ki, UID media və ictimai diplomatiya fəaliyyətinə də xüsusi önəm verir: “Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyinin Avropa ictimaiyyətinə düzgün çatdırılması məqsədilə bir çox ölkədə mətbuat konfransları, məlumatlandırma tədbirləri, panel müzakirələri və konfranslar təşkil edilmiş, beynəlxalq mediada doğru məlumatların yayılmasına töhfə verilmişdir. Bu müddətdə dezinformasiyaya qarşı fəal mübarizə aparılmış, Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı fəaliyyət həyata keçirilib”.
Cihangir İşbilir: Mətbuat sahəsində də Türkiyə və Azərbaycan hər zaman bir-birinə dəstək göstərib
Daha sonra çıxış edən Türkiyənin Bakıdakı Səfirliyinin Mətbuat Müşaviri Cahangir İşbilir Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə media nümayəndələrini təbrik edib. O bildirib ki, Azərbaycan milli mətbuatı yarandığı gündən etibarən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə, hər iki xalqın birliyinə xidmət edib. İşbilir qeyd edib ki, tarix boyu müxtəlif dövrlərdə olduğu kimi, mətbuat sahəsində də Türkiyə və Azərbaycan hər zaman bir-birinə dəstək göstərib.

Cihangir İşbilir çıxışında tarixi bir məqama da toxunaraq xatırladıb ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini qurarkən ölkənin informasiya siyasətinin formalaşdırılması məqsədilə təsis etdiyi Anadolu Agentliyinin ilk baş redaktoru əslən Şuşadan olan Əhməd bəy Ağaoğlu olub. Onun sözlərinə görə, bu fakt Türkiyə ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın dərin tarixi köklərə söykəndiyini göstərir.
Türkiyə ilə Azərbaycanın media qurumları “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq fəaliyyətlərini uğurla davam etdirirlər
Cahangir İşbilir vurğulayıb ki, bu gün Azərbaycan mətbuatı dinamik inkişaf mərhələsini yaşayır və Türkiyə ilə Azərbaycanın media qurumları “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq fəaliyyətlərini uğurla davam etdirirlər. O qeyd edib ki, bunun ən parlaq nümunələrindən biri 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirilən informasiya həmrəyliyi olub.
Mətbuat müşaviri əlavə edib ki, hazırda Türkiyə və Azərbaycan mediası arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə daha da genişlənir və iki ölkə arasında ortaq media platformasının inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır.

C.İşbilir Azərbaycanın media nümayəndələri ilə əvvəllər də dəfələrlə bir araya gəldiklərini, müxtəlif layihələr hazırladıqlarını xatırladıb: “Onların bir hissəsi həyata keçirildi, digər hissəsi isə icra mərhələsini gözləyir. Mən ümid edirəm ki, sizin kimi vətənpərvər və peşəkar jurnalistlərin sayəsində Ortaq Media Platformamız daha da inkişaf edəcək. Bunu yalnız birlik və həmrəylik şəraitində çalışaraq bacara bilərik. Milli Mətbuat Günü münasibətilə başda Həsən bəy Zərdabi olmaqla bütün ustadlarımızı ehtiramla yad edirik. Onlar bu millətin və dövlətlərimizin qəhrəman övladları, qələmləri ilə mübarizə aparmış fədakar insanları olublar. Sağ olan ustadlarımıza möhkəm cansağlığı arzulayıram. Gənclərimizə isə böyük uğurlar diləyirəm. Ramazan bəyin də qeyd etdiyi kimi, qarşıdakı aylarda və illərdə fəaliyyətimizi daha da genişləndirərək bölgələrdə, o cümlədən Naxçıvanda da müxtəlif tədbirlər keçirmək istəyirik. Bu məsələləri Media İnkişaf Agentliyi ilə birlikdə müzakirə edirik”.
Gökhan Seyhan:Azərbaycan mətbuatı hər zaman milli ənənələrinə, dövlətinə və xalqına bağlılığı ilə seçilib
Tədbirdə çıxış edən Yunus Emre İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan da Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında mətbuatın mühüm rol oynadığını vurğulayıb.

Gökhan Seyhan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında mətbuatın mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Azərbaycan mətbuatı hər zaman milli ənənələrinə, dövlətinə və xalqına bağlılığı ilə seçilib. Milli mətbuatın 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edən Gökhan Seyhan belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, rəhbərlik etdiyi Yunus Emre İnstitutu Azərbaycan media nümayəndələri, media qurumları və jurnalist təşkilatları ilə davamlı əməkdaşlıq edir, bu istiqamətdə birgə layihələr və təşəbbüslər həyata keçirilir. Gökhan Seyhan vurğulayıb ki, gələcək dövrdə də media sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, ortaq layihələrin reallaşdırılması və Azərbaycan-Türkiyə dostluğunun informasiya müstəvisində daha da möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə ediləcək.
Sefa Burak Bozyel: Media iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində əsas vasitələrdən biridir
TRT Azərbaycan Nümayəndəliyinin rəhbəri Sefa Burak Bozyel bildirib ki, media iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində əsas vasitələrdən biridir. O qeyd edib ki, TRT-nin Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycan-Türkiyə qardaşlığının inkişafına töhfə vermək, ortaq media məkanını gücləndirmək və peşəkar əməkdaşlığı genişləndirmək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir.
Çıxışında Iğdır azərbaycanlısı olduğunu xüsusi olaraq nəzərə çatdıran Sefa Burak Bozyel “mən də azərbaycanlıyam. Buna görə özümü sizə daha yaxın hiss edirəm və dəstəyinizi gözləyirəm. Hamınızın Milli Mətbuat Günü mübarək olsun”, – deyib.

O, həmçinin ilkin olaraq görmək istəikləri işlərindən də bəsh edib: “Gəlin birlikdə TRT üçün də faydalı olaq və gözəl layihələr həyata keçirək. Mənim əsas məqsədim sosial mediada Azərbaycanı Türkiyəyə, Türkiyəni isə Azərbaycana daha yaxından tanıtmaqdır. İnşallah, bunu uğurlu layihələrlə həyata keçirəcəyik. İnşallah, gələcək illərdə də burada olacağam. Hər birinizə uğurlar arzulayıram”.
Zekai Arabacı: Ölkədə baş verən prosesləri yaxından izləyərək jurnalistlər və media qurumları ilə daim əlaqə saxlayırıq
UID Azərbaycan Tanıtım, Media və İnformasiya Texnologiyaları üzrə Bölmə sədri Zekai Arabacı isə çıxışında bildirib ki, UID Azərbaycanın nəzdində fəaliyyət göstərən Tanıtım, Media və İnformasiya Texnologiyaları Bölməsi ölkədə baş verən prosesləri yaxından izləyərək jurnalistlər və media qurumları ilə daim əlaqə saxlayır.

O, qeyd edib ki, bu bölmə korporativ xəbərlərin hazırlanması, mətbuat bülletenlərinin yayılması, rəqəmsal media məzmununun hazırlanması, sosial media hesablarının idarə olunması və ictimaiyyətin düzgün məlumatlandırılması istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən birgə layihələrin, mədəni tədbirlərin və qardaşlıq ruhunu əks etdirən təşəbbüslərin ölkə daxilində və beynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırılmasına da töhfə verir”.
Çıxışda xüsusi vurğulanıb ki, UID Azərbaycan ortaq tariximizdən aldığı güclə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək, Türk dünyasının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirir.

Tədbirdə, həmçinin jurnalistlərin ictimaiyyətin doğru və qərəzsiz məlumatlandırılmasındakı məsuliyyəti, eləcə də Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfələr yüksək qiymətləndirilib.
Proqram iştirakçıların səmimi söhbəti və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.










İlk şərhi yaza bilərsiniz