BRTK-nın direktoru Meryem Özkurt BAYRAQDAR MEDİA-ya müsahibəsində 5-ci Milli Yaylaq Festivalı ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycanı ikinci vətəni kimi hiss etdiyini bildirib, iki qardaş ölkənin dövlət televiziyaları arasında proqram mübadiləsi, sənədli filmlər və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, bu günlərdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bayraq Radio və Televiziya Qurumunun (BRTK) direktoru Meryem Özkurt Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Müsahibəni təqdim edirik.
Əvvəlcə isə Meryem Özkurt haqqında qısa məlumatı təqdim edirik:
Meryem Özkurt Kıbrısda anadan olub, ibtidai və orta təhsilini burada başa vurub. Ali təhsil almaq üçün İstanbula gedən Özkurt, universiteti bitirdikdən sonra ailə quraraq uzun illər İstanbulda yaşayıb. O, orta məktəbi bitirdikdən sonra Mərmərə Universitetinin indiki Kommunikasiya Fakültəsinə qəbul olunub. Dörd illik təhsilini başa vurduqdan sonra stajçı kimi fəaliyyətə başladığı TRT İstanbul Televiziyasında sonradan rejissor köməkçisi vəzifəsində çalışıb. Həyat yoldaşı ilə də məhz burada tanış olub. 1990-cı ildə Kıbrısa qayıdan Meryem Özkurt Bayraq Radio və Televiziya Qurumunda (BRTK) işləməyə başlayıb. Daha sonra ailə quraraq yenidən İstanbula köçüb. Türkiyənin bir sıra özəl televiziya kanallarında çalışdıqdan sonra rəhbər vəzifədə yenidən TRT-yə qayıdıb. 2016-cı ilin iyun ayından etibarən isə Bayraq Radio və Televiziya Qurumunun (BRTK) direktoru vəzifəsini icra edir.
5-ci Milli Yaylaq Festivalı KKTC üçün də yaddaqalan oldu
Öncə Azərbaycanda keçirilən 5-ci Milli Yaylaq Festivalında iştirakından danışan Meryem Özkurt bildirib ki, tədbir olduqca yüksək səviyyədə təşkil olunub və Bayraq Radio və Televiziya Qurumu ilk dəfə dövlət televiziyası kimi belə bir festivala rəsmi dəvət alıb. Onun sözlərinə görə, sənətçi Cem Kafkas da ilk dəfə rəsmi dəvətlə festivala qatılıb. Cem Kafkasın ifası zamanı Kuzey Kıbrısa aid görüntülər nümayiş etdirilib. Bu, həm ölkələrinin musiqisini, həm də KKTC-ni tanıtmaq baxımından əhəmiyyətli imkan yaradıb.

Meryem Özkurt qeyd edib ki, festival çərçivəsində Azərbaycanın gənclər və idman naziri, həmçinin Göygöl rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb, həm özlərini, həm də təmsil etdikləri qurumu təqdim etmək imkanı qazanıblar. O vurğulayıb ki, Azərbaycan və Kuzey Kıbrıs xalqlarının daha da yaxınlaşması baxımından bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və KKTC mediası ortaq layihələrlə daha da yaxınlaşa bilər
Müsahibədə BRTK ilə Azərbaycan televiziyaları arasında əməkdaşlıq perspektivlərinə toxunan Meryem Özkurt bildirib ki, qurumun üç televiziya kanalı fəaliyyət göstərir və onlardan BRT 1 həm Türksat, həm də Azərbaycanın Azerspace peyki vasitəsilə yayımlanaraq Azərbaycan tamaşaçılarına çatır.
Festival zamanı bir çox insanın BRT-ni izlədiyini və yaxşı tanıdığını söylədiyini qeyd edən M.Özkurt gələcəkdə ortaq layihələrin həyata keçirilməsini, xüsusilə proqram mübadiləsini vacib hesab etdiyini bildirib. O, festival zamanı yaranan əlaqələrin gələcəkdə imzalanacaq əməkdaşlıq protokolları ilə daha da inkişaf etdirilə biləcəyinə inandığını ifadə edib.
Azərbaycan və KKTC-ni bir-birinə yaxınlaşdıran ən mühüm amillərdən biri məhz ortaq mədəniyyətdir
Müsahibədə Azərbaycana ilk səfərindən də danışan BRTK direktoru ölkəmizdə özünü heç də yad hiss etmədiyini deyib. Onun sözlərinə görə, Azərbaycan Anadoluya çox bənzəyir və sanki ikinci vətən təsiri bağışlayır. Eyni dili danışdığımızı, yalnız ləhcələrin fərqləndiyini vurğulayan Meryem Özkurt bildirib ki, “Azərbaycan və Kuzey Kıbrıs türkəri eyni millətin övladlarıdır və biləri bir-birinə yaxınlaşdıran ən mühüm amillərdən biri məhz ortaq mədəniyyətdir”.
Meryem Özkurt gələcəkdə Azərbaycan və KKTC-nin dövlət televiziyaları arasında birgə mədəniyyət proqramlarının hazırlanmasının mümkün olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, BRTK öz sənədli filmlərini Azərbaycana təqdim edə, eyni zamanda Azərbaycanın sənədli filmlərini öz kanalında yayımlaya bilər. Bununla yanaşı, Azərbaycanın baxış bucağından KKTC haqqında sənədli filmlərin çəkilməsinə ev sahibliyi etməyə hazır olduqlarını bildirən Özkurt, öz növbələrində Azərbaycan haqqında müxtəlif proqramlar hazırlaya biləcəklərini deyib. O, qarşılıqlı media əməkdaşlığının və ikitərəfli əlaqələrin inkişafının böyük əhəmiyyət daşıdığını vurğulayıb.










İlk şərhi yaza bilərsiniz