BAYRAQDAR MEDİA – Çinin Şanxay şəhərində 22–27 sentyabr tarixlərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycan komandası kibertəhlükəsizlik istiqaməti üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “beynəlxalq yarışda 70 ölkə və regiondan 1 min 400-dən çox iştirakçı 64 bacarıq üzrə texniki bilik və praktiki səriştələrini nümayiş etdirib. Yarış 6 əsas sektor üzrə təşkil olunub. Azərbaycan yarışda 7 bacarıq istiqaməti üzrə təmsil olunub. “WorldSkills Azerbaijan” komandasının üzvləri qaynaq, avtomobil texnologiyaları, dəmiryol nəqliyyatı texnologiyaları, elektronika, veb texnologiyaları, aşpazlıq və kibertəhlükəsizlik bacarıqları üzrə mübarizə aparıblar. Yarışın açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi İlqar Bayramlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Kibertəhlükəsizlik bacarığı üzrə Azərbaycanı Əli Məhərrəmli və Yusif Kazımlı təmsil edib. Komanda 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüb. Rəsmi nəticələrə əsasən bu göstərici ilə Azərbaycan komandası Avstraliya (698), Koreya (696), Braziliya (684), Tailand (682), Hindistan (681), Malayziya (680) və Yaponiya (673) komandalarını geridə qoyub. Bu nəticə Azərbaycanın “WorldSkills” tarixində ikinci “Medal of Excellence” uğurudur. Azərbaycan bundan əvvəl 2022-ci ildə aşpazlıq bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb”.
Daha sonra xəbərdə, “kibertəhlükəsizlik istiqaməti üzrə namizədlərin seçimi və hazırlığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Seçim prosesi “Capture The Flag” (CTF) formatında keçirilən mərhələləri əhatə edib. Final seçim mərhələsində iştirakçıların müdafiə və insidentlərə reaksiya, həmçinin hücum metodları və sistem boşluqlarının istismarı üzrə texniki bilik və praktiki bacarıqları qiymətləndirilib. Bundan başqa, “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında “Elektronika” bacarığı üzrə yarışan Orxan Mustafayev “Best of Nation” medalına, Zarina Təhməzova isə “Best CCD – Medal of Excellence” mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycan peşə bacarıqlarının inkişaf etdirilməsi, peşə təhsilinin qlobal standartlara uyğunlaşdırılması, gənclərin beynəlxalq arenada tanıdılması və məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədilə 2020-ci ildə “WorldSkills International” təşkilatına 85-ci həqiqi üzv kimi qəbul olunub. 2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb. “WorldSkills” hərəkatı peşə bacarıqlarının inkişafı, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, gənclərin müasir peşələr üzrə hazırlanması və beynəlxalq bacarıq standartlarının təhsil sisteminə inteqrasiyası baxımından mühüm platformadır. “WorldSkills Shanghai 2026” yarışında Azərbaycanın əldə etdiyi “Medal of Excellence” Azərbaycanda peşə bacarıqlarının inkişafı və gənclərin beynəlxalq bacarıq yarışlarında iştirakının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin nəticələrindən biridir” deyə qeyd edilir.










İlk şərhi yaza bilərsiniz