BAYRAQDAR MEDİA – Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə bildirilir ki, “Orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-22 oktyabr tarixlərində baş verəcək. Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas gecələrdən biri olacaq. Orionidlərin əsas cismi astronomiya tarixinin ən məşhur kometlərindən biri — 1P/Halley kometidir. Halley kometi Günəş ətrafında bir dövrünü orta hesabla təxminən 75–76 ilə tamamlayır. Halley kometi Günəşə yaxınlaşdıqda onun nüvəsindən qaz, toz və bərk hissəciklər ayrılır. Bu material zamanla kometin orbiti boyunca yayılır. Halley kometinin özü hazırda Yerə yaxın olmasa belə, Yer hər il həmin meteoroid materialının müəyyən hissəsindən keçdiyindən onun keçmişdə buraxdığı hissəciklər atmosferə daxil olaraq meteorlar yaradır”.
Daha sonra xəbərdə, “orionidlər xüsusilə yüksək sürətləri ilə seçilir. Meteoroidlər Yer atmosferinə təxminən 66 km/s, yəni, saatda təxminən 238 min kilometr sürətlə daxil olur. Bu səbəbdən Orionidlər səmada çox sürətli meteorlar kimi görünür və bəzi parlaq meteorların arxasında bir neçə saniyə davam edən işıqlı izlər qala bilər. 2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20 meteorun müşahidə olunması gözlənilir. Orionidlər Azərbaycandan müşahidə edilə bilər. Orionidlərin müşahidəsi üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişlidir. Şəhər işıqlarından uzaq, mümkün qədər qaranlıq müşahidə yerinin seçilməsi xüsusi əhəmiyyət daşıyır” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz