“Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” sərgisi açılacaq
BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunan “Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” sərgisi oktyabrın 26-da Bakıda açılacaq. Bakı Yunus Emer İnstitutunun dəstəyi ilə təşkil olunan sərginin açılışı saat 17:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
Bu barədə Bakı Yunus Emer İnstitutundan məlumat verilib.
Bildirilib ki, layihə Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların sənət vasitəsilə təbliğini, iki qardaş ölkənin ortaq mədəni irsinin tanıdılmasını və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsini hədəfləyir.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, Ezine Kaymakamlığı, Çanaqqala On Səkkiz Mart Universiteti, Ezine Bələdiyyəsi, Geyikli Bələdiyyəsi, Ezine Xalq Təhsili Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Şamaxı Yaradıcılıq Mərkəzi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə təşkil olunur.
Sərginin Türkiyə ilə Azərbaycan arasında ortaq tarixi və mədəni dəyərlərin təbliğinə, xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin sənət vasitəsilə daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.










İlk şərhi yaza bilərsiniz