Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü

Sərgi zamanı

Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” sərgisi açılıb

BAYRAQDAR MEDİA– Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın paytaxtı Bakıda türkiyəli və azərbaycanlı rəssamların əsərlərindən ibarət “Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” sərgisi açılıb.

Bakı Musiqi Akademiyasının Opera Studiyasında təşkil olunan sərginin açılış mərasimində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Çanakkale On Səkkiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu, Ezine rayonunun kaymakamı Yusuf Kaptanoğlu, Ezine bələdiyyəsinin sədri Güray Yüksel və çoxsaylı qonaqlar iştirak ediblər.

Arif Hüseynov: İki qardaş xalq arasında münasibətlər incəsənət sahəsində də özünü aydın şəkildə göstərir

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu, Ezine Kaymakamlığı, Çanakkale On Səkkiz Mart Universiteti, Ezine Bələdiyyəsi, Geyikli Bələdiyyəsi, Ezine Xalq Təhsili Mərkəzinin Müdirliyi, Bakı şəhəri 238 nömrəli tam orta məktəb, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Şamaxı Yaradıcılıq Mərkəzi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.

Mərasimdə çıxış edən Xalq rəssamı Arif Hüseynov bildirib ki, ortaq tarixə, milli-mənəvi dəyərlərə və zəngin mədəni irsə malik iki qardaş xalq arasında münasibətlər incəsənət sahəsində də özünü aydın şəkildə göstərir. “Bizim musiqimiz, tariximiz və mədəniyyətimiz hər zaman bir-biri ilə sıx bağlı olub və bundan sonra da belə olacaq. Bu sərgi də Azərbaycan-Türkiyə qardaşlığının və mədəni birliyinin daha bir təzahürüdür”, – deyə Arif Hüseynov vurğulayıb.

Coşkun Yılmaz: “İki dövlət, bir millət” ifadəsi sadəcə şüardan ibarət deyil

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz çıxışında Çanaqqalanın türk və müsəlman xalqları üçün daşıdığı əhəmiyyətə diqqət çəkib.

Çanaqqalanın yalnız Türkiyənin deyil, bütün türklərin və müsəlmanların müdafiə xətti olduğunu bildirən Yılmaz deyib: “Bakıda və digər coğrafiyalarda biz eyni vətənin, eyni millətin, eyni inancın, eyni dəyərlər dünyasının uğrunda mübarizə aparmışıq və bundan sonra da eyni ruhla, eyni həvəslə, eyni dostluq şəraitində mübarizə aparmağa davam edəcəyik”.

Sərgidən xatirə fotosu
Sərgidən xatirə fotosu

Yılmaz “İki dövlət, bir millət” ifadəsinin sadəcə şüardan ibarət olmadığını vurğulayaraq, bunun ortaq tarix, dəyərlər və yaşanmış hadisələrlə formalaşmış bir reallıq olduğunu bildirib.

Birol Akgün: Bizim qardaşlığımızın təməli, əsası bu şəhidlərin qanı ilə yazılmış, inkarı mümkün olmayan böyük bir fədakarlığın məhsuludur

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə Çanaqqalada şəhid olan azərbaycanlılarla yanaşı, 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsi üçün gələn Qafqaz İslam Ordusunun sıralarında Türkiyə və Azərbaycandan olan əsgərlərin də yer aldığını xatırladıb.

Birol Akgün Gəncədən Bakıya qədər uzanan ərazidə türk və azərbaycanlı şəhidlərin yan-yana uyuduğunu qeyd edərək deyib: “Bizim qardaşlığımızın təməli, əsası bu şəhidlərin qanı ilə yazılmış, inkarı mümkün olmayan böyük bir fədakarlığın məhsuludur. Buna görə də ay-ulduzlu Türkiyə bayrağı da, ay-ulduzlu və üçrəngli Azərbaycan bayrağı da bizim öz bayrağımızdır”.

Yusuf Kaptanoğlu: Xalqlarımız sevincli günlərdə də, çətin günlərdə də bir-birinin yanındadır

Ezine rayonunun kaymakamı Yusuf Kaptanoğlu Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın gündəlik həyatda təbii və güclü şəkildə yaşandığını bildirib.

Kaptanoğlu iki xalqın bir-birinin sevincini öz sevinci, kədərini isə öz kədəri kimi qəbul etdiyini vurğulayaraq, çətin günlərdə bir-birinin yanında dayandıqlarını qeyd edib.

Cüneyt Erenoğlu: CÖMU-də təhsil alan xarici tələbələr arasında azərbaycanlılar mühüm yer tutur

Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru Ramazan Cüneyt Erenoğlu isə universitetdə çoxsaylı xarici tələbələrin təhsil aldığını, onların arasında azərbaycanlıların mühüm yer tutduğunu bildirib.

C.Erenoğlu azərbaycanlı tələbələrlə qurulan birlik və həmrəyliyə xüsusi əhəmiyyət verdiklərini vurğulayıb.
Daha sonra layihənin həyata keçirilməsində əməyi və dəstəyi olan şəxslərə, eləcə də qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Musiqi və rəqs çıxışlarının da təqdim olunduğu “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisində türkiyəli və azərbaycanlı rəssamların əsərləri sənətsevərlərin diqqətinə çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.