BAYRAQDAR MEDİA – Aprelin 3-də AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirə keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 4-də MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli hazırda Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü qeyd edib. O, AMEA-nın dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə gəlib çatması və dünya elmində öz layiqli yerini tuta bilməsi üçün “Elektron Akademiya”nın yaradılmasının zəruri məsələlərdən olduğunu vurğulayıb. Akademik həmçinin elmi müəssisələrdə elektron xidmətlərin günün tələbləri səviyyəsində qurulması üçün institut və təşkilatların rəhbərlərini bu istiqamətdə yaxından iştirak edərək dəstək verməyə çağırıb”.
Sonra AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva isə çıxışında rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunda elektron elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra xəbərdə qeyd olunur ki, “tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, “Elektron Akademiya” şöbəsinin müdiri, r.ü.f.d. Fariz İmranov ““Elektron Akademiya” şöbəsinin fəaliyyət proqramı və AMEA-nın elmi-tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılması”, “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk isə “Vikipediya virtual ensiklopediyasında AMEA əməkdaşlarının fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib”.
Müşavirədə həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d., Dos. Günel Orucova, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, Folklor İnstitutu Təhsil şöbəsinin müdiri Ləman Hüseynova və başqaları da çıxış edərək təmsil etdikləri elmi müəssisələrin elektron fəaliyyətləri barədə məlumat verib.









