Mahmud Bilgin: Fars-molla rejiminin təmsilçiləri hesab edir ki, insanlar üzərində nə qədər çox qadağalar tətbiq etsələr bu rejimin ömrü bir o qədər çox olar
BAYRAQDAR MEDİA – “Baş verən son hadisələr İranın fars-molla rejimi ilə bağlı daha bir məqamı üzə çıxardı. Bu da qadınların baş örtüsü məsələsinin bu rejim tərəfindən siyasi-ideoloji məsələyə çevrilməsidir”.
Bunu İranın fars-molla rejiminin hicabla bağlı məsələdə yenidən sərt üsullara əl atmasına münasibət bildirən
Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, bu davranış əslində, rejimin öz varlığını məhz insanların bu və digər haqlarının qəsb edilməsi üzərində qurduğunun daha bir təsdiqidir: “Çünki fars-molla rejiminin təmsilçiləri hesab edir ki, insanlar üzərində nə qədər çox qadağalar tətbiq etsələr bu rejimin ömrü bir o qədər çox olar. Bu baxımdan rejim hicab məsələsinə də öz varlığının saxlanması prizmasından yanaşır. Ümumiyyətlə bu rejimin bağlı olduğu Ayətullahların geridə qalmış dünyasında, dünyaya baxışlarında qadına ikinci dərəcəli yanaşılır. Ayətullahlar belə hesab edirlər ki, qadınlar yalnız kişinin yemək və cinsi təminatlarının ödənilməsi üçün yaradılıblar. Yəni qadına bu dar və kiflənmiş prizmadan yanaşan ayətullahlar hesab edirlər ki, qadının başının örtülməsi kişilərin onları görərkən cinsi istəklərinin yaranmaması üçün vacibdir”.
M.Bilgin qeyd edib ki, bəziləri rejimin bu məsələdə əvvəlcə geri çəkildiyini, sonradan yenidən sərt addımlar atdığını deyirlər: “Lakin vurğulamaq istəyirəm ki, inqilablar baş verəndə rejim heç də hicab məsələsində geri çəkilmədi. Sadəcə susdu və özünü toparladıqdan sonra yenidən sərt üzünü göstərməyə başladı. Daxili işlər nazirinin hicabla bağlı keçmişdə olduğu kimi sərt addımlara əl atılacağını bəyan etməsi də bundan qaynaqlanır. Elə bir neçə ay ərzində məktəblərdə qızların kütləvi zəhərləndirilməsinin arxasında da rejim dayanırdı. Bununla rejim qızların gözlərini qorxudurdu. Çünki məktəblərdə əksər digər yerlərdə hicab qadağasına artıq əməl etməyənlərin sayı durmadan artır. Bu zəhərlənmə ilə rejim, həmçinin demokratiya və azadlıq uğrunda mübarizə aparan yüz minlərlə insanın da gözünü qorxutmağı hədəfləyib. Onlara, “bax, bir gün də sizi belə zəhərləyə bilərəm” mesajı verir”.
Bundan sonra nə ola biləcəyinə dair suala gəlincə, M.Bilgin deyib ki, hicab fars-molla rejiminin üzləşdiyi problemlərdən sadəcə biridir: “Rejim bu gün həm sosial etirazla, həm maliyyə böhranı ilə üz-üzədir. Üstəlik, digər xalqlar öz azadlıqları uğrunda mübarizəni davam etdirirlər. Bu mübarizə isə gec-tez fars-molla rejiminin çöküşü ilə nəticələnəcək”.





