Press "Enter" to skip to content

İnsanları kimi təbiəti də qonaqpərvər və səxavətli diyar – 1

Hüseyn Cavidin məqbərəsi önündə

Son yeniləmə: 30 Dekabr 2023 23:24

Yaxud Naxçıvanda turistlər üçün gəzməli-görməli yerlər, bir-birindən ləziz xörəklər, yaddaşlarda dərin iz buraxacaq çoxlu sayda tarixi məkanlar var

BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin Mətbuat xidmətindən gələn Naxçıvan Muxtar Respublikasına təşkil ediləcək mediaturda iştiraka dəvət təklifi ürəyimcə oldu. Düzdür, bu mənim qədim diyara heç də ilk səfərim deyildi. İlk dəfə 2011-ci ildə ayaq basdığım Naxçıvana ondan sonra səfərlərim olmuşdu. Lakin bununla belə həm məkan olaraq gediləcək yerin Naxçıvan olması, həm də səfərin Dövlət Turizm Agentliyinin təşkilatçılığı, media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı çərçivəsində reallaşacağı xəbəri “bu səfərdə mütləq iştirak etməliyəm” qənaətini daha da gücləndirdi.

Beləliklə, 25-26 dekabr tarixlərində reallaşan mediaturun iştirakçılarından biri kimi heyətdə öz yerimi aldım. Səfər proqramı və tur barədə ətraflı məlumat verməzdən öncə qeyd edim ki, Azərbaycanın bu qədim və möhtəşəm diyarı haqqında məlumatları hələ orta məktəbdə oxuyarkən kitablardan əldə etmişdim. Düzdür, o zamanlar dərslik kitablarında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) kimi adı keçən bu diyarın Azərbaycan tarixindəki müstəsna rolu barədə heç bir məlumata malik deyildim. Çünki sovet məktəblərində bu barədə dərin bilgi verilmirdi. Sadəcə 9-cu sinifdə oxuduğum “Əlincə qalası” və “Qılınc və qələm” kimi kitablar Naxçıvanın gerçək tarixi haqqında məndə ilkin təəssürat oyatmışdı.

Yeri gəlmişkən, mediatur çərçivəsində Ordubada səfər zamanı Əlincə qalasının yanından keçərkən, bir daha məktəb illərində bu qalaya həsr edilmiş roman və məlumatları necə acgözlüklə oxuduğumuz xatrıladım. Çünki Əlincə qalası bizim nəsil üçün (1972-1973-cü illərdə anadan olanlar- N.A) mübarizliyin simvolu kimi həmişə ön sırada dayanıb.

Hava da bizi gülərüz, istiqanlı qarşıladı

Bu məqamda vurğulamağı özümə borc bilirəm ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri, zəngin və dadlı mətbəxi  turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr – Mömünə Xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri – Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl və yüzlərlə sənət əsərləri Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.

Həmçinin, Muxtar Respublikada ümumilikdə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu bu diyarda turizmin inkişafı üçün geniş imkanlar yaradır. Naxçıvan, eyni zamanda, müqəddəs dini ziyarətgahların olduğu yer kimi də tanınır.

Buradakı “Əshabi-Kəhf” ziyarətgahının adı isə dünyada məşhurdur. Bu barədə ikinci yazımzda geniş məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, bu diyar həm də insanlarının qonaqpərvərliyi ilə tanınır. Yəni Muxtar Respublikanın əhalisi bu diyara xoş niyyətlə gələn hər bir kəsi xüsusi qonaqpərvərliklə qarşılayır.

Lakin bu diyarın təkcə insanları deyil, təbiəti də qonaqpərvərdir. Əslində, mən bunu öncəki səfərlərimidə də müşahidə etmişdim. Ancaq bu dəfə tam olaraq bu qənaətə gəldim. Niyəsini deyim. Səfərdən bir neçə saat öncə Dövlət Turizm Agentliyinin əməkdaşı Fikrət Təhməzovun yazdığı “əyninizi qalın edin, Naxçıvanda hava şaxtalı və yağışlıdı” mesajından sonra tam mənada sərt qış havasına uyğun geyimlərə üstünlük verdim. Ancaq bizi Naxçıvanda qarlı-şaxtalı deyil, günəşli, hətta yaz aylarına xas hava qarşıladı. Buna Naxçıvandakı dostlar da təəccüb edirdilər. Mehmandarlarımızdan biri, dəyərli insan Mehman Şabanovun “Dünən gecə burda bir tufan, qasırğa var idi. Düşündüm ki, mediatur istədiyimiz kimi alınmayacaq. Amma maşallah bu gün yaz havası var” sözləri isə dostların təəccübünü bir qədər də artırdı. Bununla belə, həm də dediyim kimi, “Naxçıvanın insanları kimi təbiəti də qonaqpərvər və səxavətlidir” qənatəini daha da gücləndirdi.

“Ulu Öndər Heydər Əliyevin izi ilə” ilk ziyarət etdiyimiz məkan

Bu xoş əhval-ruhiyyə ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” turu çərçivəsində ilk ziyarətimiz şəhərin mərkəzində yerləşən Heydər Əliyev abidəsi və Muzeyi oldu.

Heydər Əliyevin abidəsini ziyarət zamanı
Heydər Əliyevin abidəsini ziyarət zamanı

Muzey bələdçisinin məlumatına əsasən, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il tarixli 18 fevral sərəncamına əsasən yaradılıb və 1999-cu il mayın 10-dan fəaliyyətə başlayıb.

Muzeydə Ulu Öndər Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin Sədri (1991–1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar öz əksini tapıb.

Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il tarixli 18 fevral sərəncamına əsasən yaradılıb
Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il tarixli 18 fevral sərəncamına əsasən yaradılıb

Muzeyi ziyarətdən sonra media nümayəndələrinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü oldu. Səmimi şəraitdə keçən görüşdə media təmsilçilərinə son dövrlər Muxtar Respublikada görülən işlər barədə məlumat verildi.

Fuad Nəcəfli ilə görüşdən sonra xatirə fotosu
Fuad Nəcəfli ilə görüşdən sonra xatirə fotosu

Düzü, F.Nəcəfli o qədər səmimi və maraqlı çıxış etdi ki, media təmsiçiləri oradan ayrılmaq istəmirdilər. Lakin həm onun, həm də bizim proqramımızın nəzərdə tutulan vaxtda davam etməsi üçün xatirə fotosu çəkdirib, ərazidən ayrıldıq.

Xatırladım ki, Heydər Əliyev Muzeyinin qarşısında bu il Naxçıvanda ilk dəfə “Snow fest – Qış festivalı” keçirilirdi və Fuad müəllim mərasimin açılışında iştirak etməliydi.

Bizi isə Naxçıvan Dövlət Milli Dram Teatrında “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı gözləyirdi.

Bu tur Heydər Əliyevin irsini dərindən öyrənmək istəyənlər üçün mühüm mənbə olacaq

Təqdimat mərasimində də qeyd edildiyi kimi bu tur Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq reallaşır.

Kənan Quluzadə təqdimatda çıxış edərkən
Kənan Quluzadə təqdimatda çıxış edərkən

Mərasimdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Azərbaycanda turizmin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir” dedi.

K.Quluzadə “Ulu öndər Heydər Əliyevin izi ilə” turunun turizm məhsullarının şaxələndirməsində töhfəsini diqqətə çatdırdı.

Əkbər Novruzov təqdimatda çıxış edərkən
Əkbər Novruzov təqdimatda çıxış edərkən

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən turizmin prioritet sahələrdən biri olduğunu qeyd etdi. Natiq bu turun turizmin inkişafına öz töhfəsini verəcəyini və Ümummili Lider Heydər Əliyev irsini dərindən öyrənmək istəyənlər üçün mühüm mənbə olacağını bildirdi.

Təqdimatda turun Ulu Öndərin Naxçıvanda qorunmasına xüsusi diqqət ayırdığı tarix və mədəniyyət abidələrini, həyat və fəaliyyəti ilə əlaqəli, eləcə də onun xatirələrinin yaşadıldığı məkanları əhatə etməsi haqqında məlumat verildi.

Mediatur iştirakçıları Hüseyn Cavidin məqbərəsi önündə
Mediatur iştirakçıları Hüseyn Cavidin məqbərəsi önündə

Təqdimatdan sonra isə proqrama uyğun olaraq digər ziyarətlər gerçəkləşdirildi. Səfər çərçivəsində ilk gün media və sənaye nümayəndələri Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə Sibirdən gətirilərək doğma vətənində dəfn edilən və qəbri üzərində xatirə abidəsinin ucaldıldığı böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavid məqbərəsini ziyarət etdi.

Bəhruz Kəngərli Muzeyi
Bəhruz Kəngərli Muzeyi

İştirakçılar, sonra hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasını, hazırda Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, tarixən Zaviyə-Mədrəsə kimi tanınan (Bu bina 1930-cu illərdən Naxçıvan Şəhər Pionerlər Evi kimi fəaliyyət göstərib və Heydər Əliyev burada təşkil olunmuş şahmat, musiqi və dram dərnəklərinin üzvü olub), binanı ziyarət etdilər.

Natiq Paşayev iştirakçılara məlumat verərkən
Natiq Paşayev iştirakçılara məlumat verərkən

Mediatur iştirkaçıları, səfərin birinci günü həmçinin Əcəmi seyrangahında yerləşən Heydər Əliyev büstü, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinə oldu.

Mömünə Xatun türbəsi önündə xatirə fotosu
Möminə Xatun türbəsi önündə xatirə fotosu

Burada onlara ətraflı məlumat verildi. Bildirildi ki, 1186-cı ildə Əcəmi Naxçıvani tərəfindən Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə xatunun şərəfinə ucaldılmış Mömünə Xatun türbəsi bu gün də dünyanın nadir tarixi abidləri arasında öz yerini qoruyur.

Bununla da maraqlı ziyarət və məlumatlarla zəngin birinci günü başa vurduq. Səfərin ikinci günü isə bizi Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə ziyarət və əsrarəngiz Ordubad səfəri gözləyirdi.

Soldan birinci Mehman Şabanovdur
Soldan birinci Mehman Şabanovdur

P.S. Əslində bunu ikinci yazımızda da qeyd edə bilərdik. Amma hesab edirik ki, elə birinci yazıda təşəkkür borcumuzu çatdıraq. Bu səfərin geniş, əhatlə və maraqlı keçməsi üçün Dövlət Turizm Agentliyinin rəhbərliyinə və Kənan Quluzadənin rəhbərliyi ilə Naxçıvan səfərində bizimlə olan Agentliyin heyətinə, iki gün ərzində belə deyək ki, “hər nazımızla oynayan” Naxçıvandakı dostlara, mehmandarlarımız (bələdçilərimiz) Mehman Şabanova, Natiq Paşayevə və Əli Cabbarova, həmçinin adını çəkmədiyimiz, amma iki gün ərzində hər an bizimlə maraqlanan bütün şəxslərə bir minnətdarlıq borcumuz var.

Davamı olacaq…

İnsanları kimi təbiəti də qonaqpərvər və səxavətli diyar – 2

Mission News Theme by Compete Themes.