BAYRAQDAR MEDİA – 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Yaşıl gələcək naminə – bir ağac da sən ək!” şüarı ilə növbəti ağacəkmə aksiyasını həyata keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitənin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Kürdəxanı və Abşeron rayonunda keçmiş məcburi köçkünlər üçün salınmış 1 min ailəlik məcburi köçkün qəsəbələrində keçirilən aksiya Azərbaycanın suveren ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Aksiya çərçivəsində zeytun tingləri qəsəbənin istirahət məkanlarında və yol kənarlarında əkilib. Ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğının artırılması məqsədilə təşkil olunan bu cür aksiyaların paytaxtda yerləşən məcburi köçkün şəhərciklərində mütəmadi keçirilməsi nəzərdə tutulur. Aksiyada Dövlət Komitəsinin nümayəndələri və qəsəbədə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər”.
Qeyd edək ki, Komitə əvvəlki illərdə də ekoloji təşəbbüslərə xüsusi önəm verib və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı ağacəkmə aksiyaları təşkil edib.





