
Gülxar RƏHİMLİ, “Xaçmaz” qəzeti, xüsusi olaraq BAYRAQDAR MEDİA üçün
“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.” Ümummilli Lider Heydər ƏLİYEV
BAYRAQDAR MEDİA – Payızın füsunkar gözəlliyini, gecənin sakitliyini düşmən təxribatı pozdu yenə. Bu dəfə isə ordumuz susmadı. Edilən təxribatın qarşısını almaq üçün ayağa qalxdı, 30 il əsarətdə olan torpaqları qanımız, canımız bahasına geri almağa başladı.
Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
…2020-ci ilin 27 sentyabrında işğalçı Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu başlatdığı genişmiqyaslı təxribata cavab olaraq ordumuz tərəfindən başlanan əks-hücum əməliyyatlarında fəal iştirak edənlərdən biri də Rəşidov Pərviz Xandadaş oğludur.
Haşiyə: Rəşidov Pərviz Xandadaş oğlu 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1990-1999-cu illərdə Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbində təhsil almış, daha sonra isə təhsilini fizika, riyaziyyat və informatika təmayüllü liseydə davam etdirmişdir. Daha sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə qəbul olunaraq “Dəmiryolu nəqliyyatı” ixtisasına yiyələnib. 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmış və eyni zamanda zabit kimi əmək fəaliyyətinə başlamışdı. Hərbi xidmətdən sonra – 2011-ci ildən 2015-ci ilə kimi Ədliyyə Nazirliyinin Quba Penitensiar Xidmətində Məntəqə tipli cəzaçəkmə müəssisəsində maliyyə inspektoru vəzifəsində çalışmışdır. 2015-ci ildən Xaçmaz dəmiryolu stansiyasında yük qatarlarının konduktoru kimi çalışmış, 2016-ci ildə Çarxı dəmiryolu stansiyasına rəis vəzifəsinə təyin olunmuşdur. 2021-ci ildən isə Xaçmaz dəmiryolu stansiyasının rəisi təyin edilmişdir. Ailəlidir, 2 övladı var. Müharibə veteranıdır. “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda“ medalları ilə təltif olunmuşdur.
“Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək hər zaman ən böyük arzum olub”, – deyə baş leytenant Pərviz Rəşidov söhbətə başladı:
-Ana Vətənimiz bizlərə hər şeydən doğma və müqəddəsdir. Onu qorumaq isə hər bir Azərbaycan vətəndaşının borcudur. Hər kəsin bildiyi kimi, illər öncə erməni silahlı qüvvələri dinc əhalimizə divan tutaraq əzəli torpaqlarımızı işğal etdilər. Təpədən-dırnağadək silahlanmış düşmən amansızlıqla körpə, qoca, qadın bilmədən hər kəsi qətlə yetirdi, minlərlə soydaşlarımızı el-obalarından didərgin saldı. Beynəlxalq qətnamələrə məhəl qoymadan öz işğalçılıq siyasətini davam etdirən düşmən sülh yolu ilə torpaqlarımızı geri qaytarmaqdan hər zaman boyun qaçırırdı. Mənfur düşmənin 2020-ci ilin 27 sentyabrda həyata keçirdiyi təxribat dövlətimizin və xalqımızın səbrinin son həddi oldu. Ali Baş Komandanımızın illərdir gözlədiyimiz “İrəli!” əmri ilə ordumuz düşmənə sarsıdıcı zərbələr endirməyə başladı. Biz – Xaçmazdan gedən bir dəstə müharibəyə 2020-ci ilin oktyabr ayından qatıldıq. Mingəçevirə getdik. Oradan isə Suqovuşan ətrafına. Bizi burada birləşdirən Vətən sevgisi idi. Suqovuşan kəndi uğrunda qızğın döyüşlər gedirdi. Döyüşün əsas məğzi ön cəbhəni boş qoymamaq idi. Bizim işimiz də məhz bundan ibarət idi. Qızğın gedən döyüşlərdə şəhid olan və yaralanan oğulların yerinə başqa əsgərlərin göndərilməsi elə də asan deyil.
Həmsöhbətimiz daha sonra davam edir: “Mən əsgəri xidmətdə olanda komandirim olan Əfqan Abdulrəhmanov ön cəbhədə idi və onunla görüşə bilmədim. Sonda şəhid olduğunu öyrəndim. Xalqımıza qələbə sevincini yaşadan rəşadətli ordumuzun belə igid oğullarını gördükcə qürurlanmamaq mümkün deyil. Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun gücü ilə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımıza qovuşduq”.
“Gecədən xeyli keçmişdi. Əsgərlər kazarmada yatırdı. Onlardan biri qulaqlıqla xəbərləri izləyirdi. Birdən qışqıraraq müharibənin bitdiyini söylədi” deyir müsahibimiz və dama edir: “Bəli, müharibə bitdi, əsgərlər hissə-hissə geri dönməyə başladı. Mən zabit olduğum üçün Xaçmaza yalnız dekabrın 30-da qayıda bildim. Qalıb bir ordunun qalıb zabiti kimi geri qayıtmaq qürurverici idi”.
Heç şübhəsiz ki, aylar, illər keçəcək, bu müharibə heç kəsin yaddaşından silinməyəcək. Çətin relyefli şəraitdə qısa zamanda qarşıya qoyulan döyüş tapşırığının layiqincə yerinə yetirilməsi ordumuzun yüksək döyüş hazırlığına sahib olmasının sübutudur.
…Ordusuna dayaq olan xalqın, xalqına arxalanan ordunun dəmir yumruq tək birliyinin nəticəsində əzəli torpaqlarımızı düşmən əsarətindən azad etdik.
…Döyüş meydanında məğlub olan düşmən anladı ki, onun qarşısında 90-cı illərdəki pərakəndə ordu deyil, vahid komandanlıq altında birləşmiş, ən müasir silahlarla silahlanmış və ən əsası qəlbi Vətən sevgisi ilə alışıb-yanan əsgərləri olan nizami Azərbaycan Ordusudur.





