Fikrim Damka Baş nazirinin müavini olan ilk türk siyasətçi kimi, Fatma Taçi Kosova parlamentinə seçilən ən gənc deputatı kimi tarixə düşdü
BAYRAQDA R MEDİA – Kosovada 28 dekabr seçkilərindən sonra qurulan yeni hökumətdə tarixi hadisə baş verib. Azlıqlardan məsul Baş nazirin müavini vəzifəsinə təyin olunan Fikrim Damka bu posta gətirilən ilk türk siyasətçi kimi ölkə tarixinə düşüb.
Bu barədə odatv.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Kosova Assambleyasında (parlament) Prezident Vjosa Osmanidən hökuməti qurmaq səlahiyyətini alan Baş nazir Albin Kurti yeni kabinetini açıqlayıb: “Assambleyaya təqdim olunan hökumət proqramı və nazirlər siyahısı səsvermə zamanı 49 əleyhinə qarşı 66 lehinə səslə qəbul edilib. Bununla da Kurti rəhbərliyindəki yeni hökumət rəsmi şəkildə fəaliyyətə başlayıb. Kurtinin açıqladığı kabinetdə Birinci Baş nazir müavini və Xarici işlər naziri Qlauk Konjufça, İkinci Baş nazir müavini və Ədliyyə naziri Donika Gervalla, Üçüncü Baş nazir müavini (Azlıqlara məsələsi üzrə) Fikrim Damka, Maliyyə naziri Hekuran Murati, Müdafiə naziri Ejup Maqedonci, Daxili işlər naziri Xhelal Sveçla, Səhiyyə naziri Arben Vitia, Təhsil və Elm naziri Hajrulla Çeku, Mədəniyyət və Turizm naziri Saranda Bogujevci, Gənclər və İdman naziri Blerim Gashani, Yerli İdarəetmə naziri Elbert Krasniqi, Ətraf Mühit və Məkan Planlaşdırılması naziri Fitore Pacolli, Kənd Təsərrüfatı naziri Armend Muja, İqtisadiyyat naziri Artane Rizvanolli və Regional İnkişaf naziri Rasim Demiri yer alıblar”.
Məlumata əsasən, Azlıqlardan məsul Baş nazir müavini vəzifəsinə gətirilən Kosova Demokratik Türk Partiyasının (KDTP) sədri Fikrim Damka bu vəzifəyə təyin olunan ilk türk siyasətçi kimi ölkə tarixində yer alıb: “F.Damka açıqlamasında partiyasının seçkilərdə icmalar arasında ən çox səs toplayaraq Assambleyada iki deputatla təmsil olunduğunu bildirib. O, türk cəmiyyətinin bu günədək üzərinə götürdüyü ən yüksək vəzifə olan Baş nazir müavinliyi məsuliyyətini daşıdıqlarını vurğulayaraq, başda Baş nazir Kurti olmaqla ona dəstək verən hər kəsə təşəkkür edib. F.Damka həm icmalar, həm də iqtisadi məsələlər sahəsində Kosovoya və türk toplumuna xidmət edəcəklərini bildirərək, indiyədək icra etdikləri Regional İnkişaf Nazirliyi təcrübəsini daha geniş çərçivədə dəyərləndirəcəklərini qeyd edib”.
Məlumatda o da vurğulanır ki, açıqlamalarında təmsilçiliyin əhəmiyyətinə diqqət çəkən F.Damka hədəflərinin yalnız hökumətdə deyil, gələcək mərhələdə digər nazirlik və qurumlarda da türk toplumunun təmsilçiliyini gücləndirmək olduğunu bildirib: “O, həmçinin Türkiyə ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylər göstərəcəklərini vurğulayıb. Kosova Assambleyasının toplanması ilə 120 deputat and içərək səlahiyyətlərinin icrasına başlayıb. Keçirilən səsvermədə Albulena Haxhiu 44 əleyhinə qarşı 66 lehinə səslə Kosova Assambleyasının sədri seçilib. Kosovo türklərini Assambleyada KDTP-dən Fatma Taçi və Ergül Mazrek təmsil edəcək. Fatma Taçi Mamuşadan seçilən ilk qadın deputat olmaqla yanaşı, 22 yaşında Kosova Assambleyasının ən gənc deputatı kimi tarixə düşüb. Taçi açıqlamasında Kosovanın ən gənc türk deputatı olmaqdan qürur duyduğunu bildirib. Ergül Mazrek isə türk toplumu üçün fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb”.
Qeyd edək ki, 28 dekabr seçkilərində Baş nazir Kurtinin partiyası Vetevendosje səslərin 51 faizdən çoxunu qazanaraq Assambleyada 57 mandat əldə etmişdi. Ümumilikdə 20 mandat isə azlıq icmalarına ayrılmışdı. KDTP 5 min 408 səs toplayaraq iki deputat mandatı qazanmağa nail olub.









