Press "Enter" to skip to content

Bilecikdəki soydaşlarımızı bir araya gətirən təşkilat

Rafiq Qurbanov

Son yeniləmə: 11 Yanvar 2022 15:15

Rafiq Qurbanov: Osmanlının qurulduğu şəhərdə türklüyün adına layiq bir Novruz şöləni keçirəcəyik

Bayraqdar.info – Bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən qardaş Türkiyədə diaspor təşkilatlarımız fəaliyyət göstərir. Belə təşkilatlardan biri də Bilecik Azərbaycan Qardaşlıq Dərnəyidir.

Məlumat üçün bildirək ki, bu Dərnək yeni qurulub. Daha doğrusu gələn ay Dərnəyin yaradılmasının bir ili tamam olur. Dərnək Türkiyə Daxili İşlər Nazirliyinin Bilecik Valiliyi Sivil Toplumla İlişkiler Müdürlüyü tərəfindən 02.02.2021-ci il tarixində rəsmi olaraq qeydiyyata alınıb.

Bu barədə bayraqdar.info-ya özəl müsahibəsində Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanov məlumat verib.

TÜRKSOY-un Baş katibi Prof. Düsen Kaseinov ve Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanov

Dərnək haqqında ətraflı məlumata keçməzdən öncə vurğulayaq ki, R.Qurbanov 1983-cü ildə Azərbaycanda, Saatlı rayonunda anadan olub. O, bakalavr təhsilini Xəzər Universitetinin Tibbi Biologiya fakultəsində, magistratura və doktorantura təhsilini isə Türkiyənin Orta Doğu Texniki Universitetinin Biokimya fakültəsində alıb. 2016-2021-ci illərdə Bilecik Şeyh Edebali Universiteti Fən və Ədəbiyyat Fakültəsi Molekulyar Biologiya və Genetika Bölümündə Yrd. Dosent Dr. kimi çalışıb. Hazırda Biləcik Şeyh Edebali Universiteti Mühəndislik Fakültəsi Biomühəndislik Bölümünün dosentidir.

Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanov, sədr müavinləri Elçin Mustafayev, Berkay Susantez və Yüksel Alhanlıoğlu Bilecik Valisi Dr. Kemal Kızılkayanın qəbulunda

R.Qurbanov Avropa və Amerikanın tanınmış elmi jurnal və nəşriyyatlarında çap olunmuş onlarla məqalə və kitab fəsillərinin müəllifidir. Eyni zamanda Tübitak və Türkiyə universitetlərinin maliyyə dəstəyi ilə reallaşdırılan bir çox layihələri həyata keçirib.

Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi qısa zamanda çoxsaylı işlər görüb

Bayraqdar.info-ya özəl müsahibəsində öncə rəhbərlik etdiyi Dərnəyin yaranması məsələsinə toxunan R.Qurbanov deyib ki, bu şəhərdə azərbaycanlılar fərd olaraq hər zaman fəallıq göstəriblər: “Burada yaşayan və işləyən, o cümlədən təhsil alan soydaşlarımız bir fərd olaraq hər zaman fəallıq göstərib, Azərbaycanla bağlı məsələlərdə ön sırada olublar. Lakin təəssüflər olsun ki, ötən ilə qədər təşkilatçılıq baxımından bunu demək mümkün deyildi”.

“Müstəqilliklərinin 30-cu ilində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan – TÜRKSOY fotoqraf sərgisi”nin açılışı

Müsahibimiz qeyd edib ki, o və hazırda Dərnəkdə sədr müavini olan Elçin Mustafayev Bilecik kimi tarixi bir şəhərdə Azərbaycan diaspor təşkilatının olması üçün necə deyərlər qollarını çırmayıb, müvafiq addımlar atıblar: “Quruluş və qurtuluş şəhəri olan, tarixi Osmanlı dövlətinin qurulduğu Bilecik şəhərində belə bir təşkilatın olması üçün hərəkətə keçdik. Buradakı digər fəal soydaşlarımızın də iştirakı ilə Dərnəyimizi qurduq. Sonra isə lazım olan sənədləri müvafiq quruma təqdim etdik. Beləliklə, ötən il fevralın 2-dən etibarən rəsmi fəaliyyətə başladıq. Onu da qeyd edim ki, bizim təşkilat qısa zaman ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Komitəsi tərəfindən də qeydiyyata alındı”.

Sərgi zamamı: TÜRKSOY-un Baş katibi Prof. Düsen Kaseinov, Bilecik Şeyh Edebali Üniversiteti rektoru Prof. Dr. Şükrü Beydemir, Bilecik Bələdiyyə Başqanı Semih Şahin, Bilecik Şeyh Edebali Üniversitesi rektor yardımcısı Prof. Dr. İlhami Yurdakul

Türk dünyası və Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzindədir

Bu məqamda bildirmək yerinə düşər ki, qurulmasından heç bir il belə keçməməsinə baxmayaraq Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi bir çox uğurlara imza atıb: “Beləliklə, rəsmi fəaliyyətə başlayarkən ilk işimiz türk dünyası və Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi istiqamətində müvafiq addımlar atmaq oldu. Fəaliyyətimizin başlamasının pandemiya dövrünə təsadüf etməsi bizi bəzi planlarımızda dəyişiklik etmək zorunda qoydu. Bununla belə pandemiya dövrünün şərtlərinə əməl etməklə bu dövr ərzində türk dünyasının daha da dərindən inteqrasiyasına xidmət edən bir çox görüş və tədbirlər keçirdik.

Bilecik Azerbaycan Qardaşlıq Dərnəyinin sədr müavinləri Elçin Mustafayev və Yüksel Alhanlıoğlu Bilecik Gençlik ve Spor İl Müdürü Yasin Özdemirlə görüşdə

Məsələn 2021-ci ildə TÜKRSOY və Bilecik Şeyh Edebali Universiteti ilə birgə fotoqraf sərgisi təşkil etdik. “Müstəqilliklərinin 30-cu ilində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan – TÜRKSOY fotoqraf sərgisi” böyük maraqla qarşılandı. Bu tədbiri “Kitabxanalar həftəsi” çərçivəsində martın 30-da gerçəkləşdirdik. Eyni zamanda, bizim təşkilatçılığımızla TÜRKSOY tərəfindən türk dünyası müəlliflərinin 70 kitabı universitetin kitabxanasına hədiyyə edildi.

Mən yaranmış şəraitdən istifadə edərək hər zaman bizə yaxından dəstək verən Bilecik Şeyh Edebali Universitetinin rektoru hörmətli Prof. Dr. Şükrü Beydemirə, o cümlədən təşkilatımız yeni yaranarkən Bilecik valisi olan hörmətli Bilal Şentürkə dərin təşəkkürümü bildirmək istəyirəm”.

Bu müddət ərzində Dərnək təmsilçiləri bir sıra görüşlər də keçirib: “Bu müddətdə Bilecik Valisi Dr. Kemal Kızılkaya, Bələdiyyə başqanı Semih Şahin, Bilecik Şeyh Edebali Üniversitesi rektoru Prof. Dr. Şükrü Beydemir, Bilecik AK Parti millət vəkili Selim Yağcı, Bilecik Gençlik ve Spor İl müdürü Yasin Özdemir, Bilecik Kültür ve Turizm İl müdürü Serkan Bircanla görüşlər keçirmişik. Bu görüşlərin hər birinin müsbət nəticələri olub”.

Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin rəhbərliyinin AK Parti Bilecik millət vəkili Selim Yağcı ilə görüşündən

Bilecikdə 20 Yanvarla bağlı anım tədbiri keçiriləcək

Gələcək planlara gəlincə R.Qurbanov ilk olaraq 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirin keçiriləcəyini bildirib: “Bilecik Valiliyinin və Bələdiyyəsinin razılığını alaraq, yanvarın 20-də anım rədbiri keçirməyi planlaşdırırıq. Ən böyük və səs gətirəcək tədbirimiz isə Novruz bayramında olacaq. Belə ki, 15-21 mart tarixləri arasında bayram şənliyi keçirməyi planlaşdırırıq. Bu bayram şənliyində TÜRKSOY rəsmilərinin, o cümlədən Bilecikdəki digər türkdilli xalqların təmsilçilərinin iştirakını nəzərdə tuturuq. Osmanlının qurulduğu şəhərdə türklüyün adına layiq bir Novruz şöləni keçirəcəyik”.

Mission News Theme by Compete Themes.