Press "Enter" to skip to content

İtalyan senatorlar Ermənistanın mina xəritələrini təqdim etməsini dəyərləndirdi

Bayraqdar.info – İtaliya Senatında “İrəli İtaliya” Partiyası siyasi qrupunun sədr müavini, senator Maria Rizzotti və Partiyanın üzvü, senator Urania Papatheu bu ölkənin mətbuatına Azərbaycanla bağlı açıqlamalar veriblər.

Bu barədə bayraqdar.info-ya ölkəmizin İtalyadakı səfirliyindən bildirilib.

Açıqlamalarda Ermənistanın işğal dövründə Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsi haqqında 12 iyun və 3 iyul 2021-ci il tarixlərində əldə edilmiş razılaşmalara toxunulub.

Senator M.Rizzotti İtaliyanın Agenparl” xəbər agentliyinə açıqlamasında Ermənistan tərəfindən işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış təqribən 92 min tank və piyada əleyhinə minaya dair xəritələrin Azərbaycana verilməsini xoş xəbər adlandırıb. Senator Azərbaycan tərəfinin humanist addım olaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verdiyini qeyd edib: “Bu, tərəflər arasında oxşar məzmunlu artıq ikinci razılaşmadır. Cari ilin 12 iyun tarixində Ermənistan tərəfindən Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycana təqdim edilməsi müqabilində, Azərbaycan tərəfi saxlanılan 15 nəfər ermənini Ermənistana təhvil vermişdi”.

Senator deyib ki, Ağdam, Fizuli və Zəngilan Ermənistanın işğalından azad olunmuş rayonların yalnız bir hissəsidir: “Bu səbəbdən də bütün işğaldan azad edilmiş ərazilər üzrə tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Ermənistan tərəfindən təqdim edilməsi vacibdir”.

M.Rizzotti bildirib ki, 30 illik münaqişə zamanı minlərlə azərbaycanlı Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlamasının qurbanı olub: “Keçən ilin noyabr ayından bəri minaların partlamasından 150 nəfərə yaxın azərbaycanlı həyatını itirib və yaralanıb ki, bunların da əksəriyyəti mülki vətəndaşlardır”.

Vurğulanıb ki, mina xəritələrinin təhvil verilməsi on minlərlə günahsız insanın həyatını xilas edəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin sürətləndirilməsinə, habelə Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə şərait yaradılacaq. Bunun üçün isə ilkin şərt iki ölkə arasında suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsinin imzalanmasıdır.

Senator Urania Papatheu isə İtaliyanın ANSA, Agenparl, Askanews və Agenzia Nova xəbər agentliklərinə açıqlama verib. Bu açıqlamalrda o, Ermənistanla Azərbaycanın mina xəritələri ilə bağlı əldə etdiyi razılığa görə məmnunluğunu ifadə edib: “Azərbaycan və Ermənistan arasında sülh prosesinə şərait yaradan bu xəbər çox sevindiricidir. Müharibələrdə həmişə ən çox əziyyət çəkən mülki şəxslərdir. BMT Baş katibi Antonio Guterreşin qeyd etdiyi kimi, mülki əhalinin yaşadığı ərazilərdə partlayıcı silahların istifadəsi humanitar səviyyədə yüksək fəlakətə səbəb olur”.

İtalyan senator əlavə edib ki, 1990-cı illərdə münaqişənin başlamasından indiyədək Azərbaycanda minlərlə şəxs mina partlayışlarının qurbanı olub. Ötən ilin noyabrından bəri isə əksəriyyəti mülki şəxslər olmaqla təxminən 150 ölüm və xəsarət halı baş verib ki, bunlar da çox faciəvi rəqəmlərdir.

Mission News Theme by Compete Themes.