Press "Enter" to skip to content

“Qaliblər” Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşdü

Bayraqdar.info – Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi” davam edir.

Bayraqdar.info-nun iyulun 7-də Dövlət Miqrasiya Xidmətinə istinadla verdiyi xəbərə görə, “Qaliblər düşərgəsi”nin ikinci günündə iştirakçıların qonağı qurumun rəisi Vüsal Hüseynov olub.

Xidmət rəisi DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovla birgə uşaqlarla görüşüb, onların suallarını cavablandırıb. V.Hüseynov Xidmətin fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib.

Sonra uşaqlar Xidmət rəisinə məktəb və tələbəlik illəri ilə bağlı suallar ünvanlayıblar.

Daha sonra günün qonaqları qaliblərlə birgə şam edib, iştirakçılara hədiyyələr paylayıblar. Uşaqlar, həmçinin qonaqlarla birgə Bakı Uşaq və Gənclər Teatrının kollektivi tərəfindən hazırlanan tamaşaya baxıblar.

Xəbərdə qeyd edilir ki, düşərgənin birinci günündə uşaqların digər qrupu da restoranda aşpazların müşayiəti ilə gürcü xəngəli hazırlayıblar. Həmçinin, gün ərzində onlara Elcan Cəbiyev tərəfindən “Mən özümü necə inkişaf etdirim: Empatiya nədir?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü necə inkişaf etdirməliyəm: Yaddaşımı necə gücləndirim?” mövzularında təlimlər keçilib. İştirakçılar karate, idman və rəqs dərslərinə də qatılıblar.

Düşərgə “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, DMX-nın təşkilati dəstəyi ilə reallaşır.

Mission News Theme by Compete Themes.