Bayraqdar.info – Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan Zəfər Yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşası davam etdirilir.
AAYDA-dan bayraqdar.info-ya verilən məlumata görə, ötən il noyabr ayının 16-da təməli qoyulmuş Zəfər Yolu cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.
Uzunluğu 101 kilometr olan Zəfər Yolu Qarabağın inkişaf planı nəzərə alınaraq 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə yol Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır.
“Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. Zəfər Yoluna cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işi də yekunlaşıb. Yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb”, – deyə AAYDA-dan bildirilib.
Zəfər Yolunun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci km-lik hissəsində torpaq işləri, 42-44-cü km-lik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.
Eyni zamanda 51-76-cı km-lik hissədə qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür. Bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.
Məlumat verilir ki, yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci km-lik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci km-liyində, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları quraşdırılıb.
Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Tikintini AAYDA Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC ilə birgə icra edir. Tikintinin subpodratçıları “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC-dir.
Məlumatda deyilir ki, yol tikintisi “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Həyata keçirilən işlər nəticəsində sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər Yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.





