Press "Enter" to skip to content

Ətraf mühitin qorunmasına xidmət edəcək yeni dövlət standartı

Bayraqdar.info – Azərbaycanda AZS ISO14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib. Bu dövlət standartının təsdiq edilməsində məqsəd ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanlarının yaradılmasıdır.

Bu barədə bayraqdar.info-ya iyulun 27-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, ISO14001 beynəlxalq standartının son versiyasına əsaslanan standartın layihəsi Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı ilə hazırlanıb.

“Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS835-2015 (ISO14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb. Yeni standartın tətbiqi enerjidən və sudan istifadənin səmərəliliyinin artırılmasına, qanunvericiliyin tələblərinin sistemli şəkildə yerinə yetirilməsinə və ətraf mühitin qorunmasına xidmət edəcək”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, standart ölkə Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair təsdiq edilən Tədbirlər Planına əsasən hazırlanıb.

Mission News Theme by Compete Themes.