Press "Enter" to skip to content

Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır

Bayraqdar.info – “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində dövlət baytarlıq sistemində çalışan baytarların özəl xidmətə hazırlanması məqsədilə təlimlərə başlanıb. Təlimləri Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı birgə həyata keçirir.

Bu barədə iyulun 27-də bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.

Xəbərdə deyilir ki, özəl baytarlıq xidmətinə keçid prosesinə Prezidentin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 998 nömrəli Fərmanı ilə başlanılıb. Proses mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə, baytarlıq məntəqəsində çalışan 1 min 624 sahə baytar həkimini əhatə edir.

Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti müqavilə və təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər. Bundan əlavə, fermerlərin öz vəsaitləri hesabına maliyyələşən digər müalicə və profilaktika tədbirləri baytarlarla fermerlər arasında müəyyən razılaşma əsasında ödənişli həyata keçiriləcək.

Xəbərdə bildirilir ki, sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Layihənin baytarlıq üzrə eksperti Məsud Xatibi bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilən bu dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına xidmət edir. Bununla da gələcəkdə heyvan xəstəliklərinə sərf edilən büdcə xərclərinə qənaət ediləcək, baytarların bilik və bacarıqları artırılacaq və daha yüksək gəlir əldə edə biləcəklər. Həmçinin baytarlıq fakültəsini yeni bitirmiş məzunların işlə təminatı asanlaşacaq.

“Baytarlıq peşəsinin hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə baytarlıq statuar orqanının – Baytarlıq Palatasının yaradılması da nəzərdə tutulur. Palata baytar həkimlərin və texniklərin səlahiyyət və etik professional davranış standartlarına nəzarətin həyata keçirilməsini, baytar həkimlərinə lisenziyaların verilməsini təmin edəcək. Onların yeni biliklərə nail olmaları üçün mütəmadi təlimlərin keçirilməsi, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, normativ və inzibati prosedurların aparılması və qeydiyyatı kimi işlərin həyata keçirilməsinə imkan yaradacaq”, – deyə M.Xatibi bildirib.

KTN-dən qeyd ediblər ki, təlimlər hər rayonda 3 gün olmaqla, 52 rayonda keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar dərslər 10 nəfərdən ibarət qrupları əhatə edəcək və ümumilikdə təlimlərdə 1 min 416 baytar həkim iştirak edəcək. Təlimlərdə baytar həkimlərə xəstəliklərlə yeni mübarizə üsulları, istifadə olunan yeni növ dərman preparatları barədə, eləcə də sahibkarlıq və biznes fəaliyyətinin təşkili mövzularında məlumat veriləcək.

Təlimçilər Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyətindən, baytarlıq sahəsində beynəlxalq təcrübəsi olan mütəxəssislərdən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təcrübəli mütəxəssisləri arasından seçilib.

Təlim keçmiş bütün sahə baytar həkimləri özəl fəaliyyət göstərmək üçün layihə tərəfindən lazım olan baytarlıq ləvazimatı və avadanlıqlarla təmin olunacaqlar.

Mission News Theme by Compete Themes.