Press "Enter" to skip to content

Prezident Türkiyə, Pakistan, Oklahoma nümayəndə heyətlərini qəbul edib

Son yeniləmə: 27 İyul 2021 20:52

Bayraqdar.info – Prezident İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

“Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulandı”, – deyə xəbərdə bildirilir.

Mətbuat xidmətinin digər xəbərində deyilir ki, iyulun 27-də Prezident İ.Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbərdə qeyd edilir ki, “Görüşdə Türkiyə Böyük Millət Məclisi sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı”.

Ölkə Prezidenti iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

“Görüşdə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə toxunuldu. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olundu.

“Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirdi.

“Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulandı”, – deyə xəbərdə qeyd edilir.

İyulun 27-də Prezident İ.Əliyev Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

“Görüşdə Pakistan Milli Assambleyası sədrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edildi. Həmçinin Pakistan, Türkiyə və Azərbaycan parlamentləri sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulandı, bu görüşün qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət etdiyi qeyd olundu, Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələr olduğu bildirildi.

“Görüşdə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə görə minnətdarlıq ifadə edildi, müharibənin ilk günlərindən dost ölkənin rəhbərliyinin Azərbaycanı dəstəklədiyi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı önəmli bəyanatlar verdiyi qeyd olundu”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.