Bayraqdar.info – “Zəfər” Yarmarkası ümumilikdə 12 gün davam edib. Bu müddət ərzində “Zəfər” Yarmarkası müddətində toplanmış 64 558.58 manat (altmış dörd min beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 11-də “ASAN xidmət”dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Dənizkənarı Bulvar ərazisində təşkil olunan “YAŞAT” Fondunun “Zəfər” Yarmarkası artıq başa çatıb.
Vurğulanıb ki, Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan və 29 oktyabr – 9 noyabr tarixini əhatə edən Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olub.
“Müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı gerçəkləşib. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilib.
Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təşkil edilib” , – deyə, məlumatda bildirilib.
O da qeyd edilib ki, “Zəfər” Yarmarkasının sponsorlar – “Bakcell”, “İDEART” MMC, dəstəkçiləri – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula1 Azərbaycan), “ABAD” publik hüquqi şəxsi, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərişıq” ASC, 156 -Evakuasiya Xidməti, “NIGROUP” MMC, Bakı Strafor Kəsim Mərkəzi, “ASAN Könüllüləri” Təşkilatı olub. Yarmarkanın media tərəfdaşları isə Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) Real TV, ASAN Radio olub.









