Press "Enter" to skip to content

Bal yarmarkasında 100 tondan çox arıçılıq məhsulu satılıb

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr-7 noyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya noyabrın 11-də verilən məlumatda belə deyilir.

Bu il Bal yarmarkasında 100 tondan artıq arıçılıq məhsulu satılıb. Alıcılar daha çox cökə balı alıblar. Yarmarkada iştirak edən hər bir arıçıya bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.

Yarmarkaya qeydiyyat 25-29 sentyabr tarixlərində onlayn qaydada bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada iştirak edən arıçılar növbəlilik prinsipi ilə müəyyənləşib. Belə ki, bu ilki yarmarkada dünyada və ölkədə mövcud olan koronavirus pandemiyası səbəbindən hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edib. İştirak edən arıçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsi, eləcə də COVID-19 pasportuna və ya immun sertifikatına malik olması tələbi qoyulub.

Balların qəbulu prosesi KTN tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 ünvanında yerləşən anbarında baş tutub. Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

Bu il ilk dəfə olaraq Bal yarmarkasına işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında olan təsərrüfatlardan arıçılıq məhsulları çıxarılıb. Bu məhsullar alıcılar tərəfindən maraqla qarşılanıb və yarmarkanın ilk həftəsində tamamilə satılıb.

Həmçinin, müştəri məmnunluğu səviyyəsini müəyyənləşdirmək məqsədilə alıcılar və satıcılar arasında rəy sorğusu keçirilib. Alıcıların 83,7 faizi arıçılıq məhsullarının qiymətlərindən razı olduğunu, 13,4 faizi qismən razı olduğunu bəyan edib. Respondentlərin 2,9 faizi isə qiymətlərin onları qane etmədiyini qeyd edib.

Nazirlik qeyd edir ki, yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 250 arıçıya “İştirak şəhadətnaməsi”, 51 arıçı “Keyfiyyətli arıçı”, 32 arıçı isə “Fərqlənmə sertifikatı” ilə təltif olunublar”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.