Bayraqdar.info – Məlum olduğu kimi qardaş Türkiyə hər il minlərlə turistin üz tutduğu bir ölkədir. Burada turistlər üçün maraq kəsb edəcək çoxsaylə məkanlar var. Həmçinin turistlərə bir-birindən maraqlı proqram da təklif edilir.
Bu arada qeyd edək ki, Türkiyəyə səyahəti maraqlı etmək üçün daha bir təklif var. Türkiyənin Bakıdakı səfirliyindən bayraqdar.info-ya martın 3-də verilən məlumatda da qeyd edildiyi kimi bu da qatarla səyahətdir.
Vurğulandığı kimi qatarla səyahət etmək Türkiyəni kəşf etməyin ən yaxşı yollarından biridir. Belə ki, son illərdə Türkiyədə adi sərnişin qatarlari ilə yanaşı sürət qatarları da olduqca populyarlaşıb. Bu da səbəbsiz deyil. Çünki bu sürət qatarları ilə hərəkət zamanı həm vaxta qənaət olunur, həm də Anadolunun dağ yamaclarının və təbii gözəlliklərinin üzə çıxarılmasında qatar səyahəti mühüm rol oynayır.
Ümumiyyətlə, qatarla səyahət şəhərləri, dağları və çayları oturduğunuz yerdən eyni vaxtda görməyə imkan verir. Qatar səyahətinin təyyarə və avtomobil səyahətindən daha bir üstünlüyü isə ondan ibarətdir ki, bu, uzun bir səfər zamanı dərindən düşünməyinizi, meditasiya etməyinizi və oxumaqdan zövq almağınızı təmin edir.
Qatar sizi şəhərin mərkəzinə apardığı üçün qatardan düşəndən sonra mərkəzə nəqliyyat vasitəsi tapmaq kimi problemlər olmur. Qatar eyni zamanda yeni tanışlıqlar və dostluqlar qurmaq üçün də əlverişlidir.
O da bildirilir ki, son illərdə yeni sürətli dəmir yollarının genişləndirilməsi və ucqar yerlərə də səyahətlərin təşkil edilməsi nəzərdə tutulur.





