Bayraqdar.info – Martın 2-də Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikası Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.
“Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral S.Bəkirov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.
“Ölkəyə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Pakistan nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında brifinq təqdim edilib.
“Sonra qonaqlar hərbi gəmilərə baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıb. Həmçinin gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.
“Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sonda xatirə şəkili çəkdirilib”, deyə məlumatda qeyd edilib.





