Son yeniləmə: 4 Mart 2022
Bayraqdar.info -Martın 3-də Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Prezidentin digər Sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Daha sonra dövlət başçısı Ş.Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Şahin Seyidzadə haqqında:
Şahin Kamil oğlu Seyidzadə 1978 ci ildə Bakıda anadan olub. 2001 -ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə magistr dərəcəsi alıb.
2007-ci ildə Sosial və itisadi elmlər üzrə Moskva Ali Məktəbinin “Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil alıb.
2007-ci ildə İngiltərənin Mançester Universitetində “Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə magistr dərəcəsi alıb.
Ş.Seyidzadə 1999–2005-ci illərdə “Milli Debat Mərkəzi”nin direktoru olub. 2005–2007-ci illərdə “İnsan Resursları Məktəbi”nin rəhbəri, 2006–2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbərlik vəzifələrində çalışıb.

2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2012–2017-ci illərdə Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.
2015-ci ildən Təhsil Nazirliyinin “SABAH qrupları”nın İcra Komitəsinin rəhbəri, 2019-cu ildən isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Gənc sahibkarlarla iş komissiyası”nın sədr müavinidir.
2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin rəhbəridir.
9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili olaraq seçilib.





