Press "Enter" to skip to content

Zəngəzur dəhlizi beynəlxalq yükdaşımaların həcminin artmasını təmin edəcək

Vüqar Bayramov

Bayraqdar.info – “Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan infrastruktur Azərbaycanın inkişafına xüsusi töhfə verəcək. Nəzərə alsaq ki, infrastruktur müasir standartlara uyğun formalaşdırılır, bu, yalnız həmin bölgələrin işğaldan azad olunmuş torpaqlarının inkişafı üçündür. Amma bütövlükdə götürdükdə isə Azərbaycan iqtisadiyyatı xüsusi paya malik olacaq”. Bu sözləri millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndə təyin etdiyi Vahid Hacıyevi videoformatda qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən bayraqdar.info-ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, məskunlaşma prosesindən sonra işğaldan azad edilmiş ərazilər Azərbaycan iqtisadiyyatının yeni lokomotivinə çevriləcək. Bu da təbii ki, ölkə iqtisadiyyatında işğaldan azad olunmuş ərazilər vasitəsilə beynəlxalq yükdaşımaların həcminin artmasına, eyni zamanda daha çox məhsulların Qarabağ və Şərqi Zəngəzur vasitəsilə dünya bazarına çıxarılmasını təmin edəcək: “Bu baxımdan, Zəngəzur dəhlizi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması üçün vacib hesab olunur. Nəzərə alsaq ki, 2019-cu ildə pandemiyadan əvvəlki dövrlərdə Azərbaycan üzərindən daşınan qeyri-neft məhsullarının həcmində 65 faiz artım var idi. İnfrastrukturun inkişaf etməsi fonunda daha çox məhsulların Azərbaycan üzərindən dünya bazarına çıxarılması təmin olunacaq ki, bu da təbii ki, ölkənin qeyri-neft sektorundan valyuta gəlirlərini artıtmış olacaq”.

Xatırladaq ki, dövlət başçısı onlayn qəbulda demişdi: “Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq.

“Biz həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq”.

Mission News Theme by Compete Themes.