Press "Enter" to skip to content

Bakının məşhur “Şərq Bazarı” yenidən istifadəyə verilib

Prezident İlham Əliyev "Şərq Bazarı"nda

Bayraqdar.info – İyunun 6-da Bakıdakı məşhur “Şərq Bazarı” yenidənqurmadan sonra istifadəyə verilib. Məlumata görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bazar kompleksində yaradılan şəraitlə tanış olub.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

“Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib”, – deyə xəbərdə bildirilir.

"Şərq Bazarı" bərpadan sonra
“Şərq Bazarı” bərpadan sonra

Daha sonra qeyd edilir ki, bazarın girişində “kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub”.

Məlumata görə, bazarda 78 icarədar fəaliyyət göstərəcək ki, bu da 300 yeni iş yeri deməkdir.

“Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqça” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.” Bu cümlələr də eyni xəbərdəndir.

“Qeyd edək ki, “Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir”, – deyə xəbərdə bildirilir.

Əlavə olaraq qeyd edilir ki, kompleksin layihələndirilməsinə 1978-ci ildə başlanılıb. Tikintisi 1980-ci ildə başlanan kompleksin rəsmi açılışı 1982-ci ildə olub.

Bazarın daxilindən görünüş
Bazarın daxilindən görünüş

“Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır”, – sözləri ilə xəbər davam edir.

Məhz bunu nəzərə alaraq əsaslı müayinə aparılıb, yenidən layihələndirmə ilə 2020-ci ildə bərpa işlərinə başlanılıb.

“Onu da qeyd edək ki, “Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdir. Yenidən qurulan “Şərq Bazarı” kompleksi şəhərimizin gözəlliyinə gözəllik qatıb.” Xəbər bu sözlərlə bitir.

Mission News Theme by Compete Themes.