Press "Enter" to skip to content

Güney Azərbaycan təşkilatlarından Urmu gölüylə bağlı həyəcan

Urmu gölü can verir

Bayraqdar.info – Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Urmu gölünün kritik durumu və millətin etirazları ilə bağlı Bildiriş yayımlayıb.

İyulun 7-də bayraqdar.info-ya daxil olan Bildirişdə deyilir:

Son günlərdə yayılan bilgilərə və uzmanların verdiyi uyarılara görə, Urmu gölünün quruma problemi bir daha faciəvi bir həddə çatıb və artıq geri dönülməz bir hal almaqdadır.

Bütün mütəxəssislərin həmfikir olduğu məsələ budur ki Urmu gölünün tamamı ilə quruması halında, ki bu quruma 70 faiz İran rejiminin yanlış, yaxud qəsdli su qaynaqları yönətimindən qaynaqlanır; başda Təbriz şəhəri olmaqla Güney Azərbaycanın böyük hissəsi yaşanılmaz bir hala gələcək və miyonlarca Azərbaycanlı öz ana yurdundan didərgin düşəcək və bəlkə də Güney Azərbaycan tarix səhnəsindən məhv olacaq!

Millətimizin illərcə tələb və etirazına rəğmən İran rejimi Urmu gölünü qurtarmaq üçün heç bir pratik addım atmayıb. Verilən bütün vədlər yalan çıxıb, sözü verilən büdcələr ya ayrılmayıb, ya da ayrılan az bir qisim rejim məsulları tərəfindən çar-çür edilib. Nəticədə Urmu gölü ölüm aşamasına gəlib və ortada heç bir plan yoxdur. Bəlkə də plan elə budur ki Urmu gölü qurusun və İran’a hakim olan fars faşizmi Güney Azərbaycan sorununu bu yolla həll etsin!

Təbii olaraq bu durum millətimizi dərindən qayğılandırır. Çünki bu gerçəkdən vətənimiz və millətimiz üçün artıq gerçək bir ölüm-qalım məsələsi halına gəlib. Təbii ki bu durumun həll yolları var. Amma elə görünür ki İran rejiminin bu məsələni həll etməyə niyyəti yoxdur!

Bu səbəblə son günlərdə Güney Azərbaycanda millətimizin etiraz səsi hər keçən gün yüksəlir! Hər gün istər sosial şəbəkələrdə, istər xiyabanlarımızda millətimizin etirazlarına şahid oluruq. Keçən gün isə bir sıra Azərbaycan mədəni fəalı yurd içində yaydıqları bir bildirişdə açıqca bildirdilər ki bu gedişlə artıq millətimiz xiyabanda öz etirazını dilə gətirəcək.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq biz də yurd içindəki millətimiz və fəallarımızın səsinə səs veririk. İran rejimi ya günlər içərisində Urmu gölünün qurtarılması ilə bağlı praktik addımlar atacaq, ya da artıq millətimiz öz sivil və demokratik təpkisini xiyabanda ortaya qoyacaq! Bu, açıq bir xəbərdarlıqdır.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:

Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Mission News Theme by Compete Themes.