BAYRAQDAR MEDİA – Slovakiyada yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, Slovakiya Azərbaycanlıları Assosiasiyasının adından Avropa Parlamentinin deputatlarına ünvanlanan müraciətdə Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu adlandırılıb: “Edilli kəndində aşkarlanan kütləvi məzarlığın sayca birinci olmadığı, aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, indiyədək Ermənistan tərəfinin 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, bununla da öz hərbi cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığı nəzərə çatdırılıb. Ermənistanın hərbi cinayətlərinin, o cümlədən Edilli faciəsinin Slovakiyada yaşayan soydaşlarımızda dərin hiddət doğurduğu xüsusilə vurğulanıb”.
Assosiasiya Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dövründə törətdiyi hərbi cinayətləri xatırladan soydaşlarımız avropalı parlamentarlardan və beynəlxalq birlikdən adekvat reaksiya göstərməyi, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili addımlar atmağı tələb edib.





