Press "Enter" to skip to content

Azadlığımız Güney Azərbaycan Cümhuriyyətinin qurulmasından keçir

Əhməd Obalı

Əhməd Obalı: Azərbaycan Prezidentinin bugünkü çıxışı həm tarixi bir çıxışdır, həm də Güney Azərbaycanlılara yenidən bir ruh vermə, yenidən ayağa qalxmaq üçün təkan vermə baxımından önəm kəsb edir

BAYRAQDAR MEDİA – “Son iki həftə ərzində Güney Azərbaycanlılara dəstək mesajlarının davamı bu gün Azərbaycan Prezidentinin çıxışı ilə yeni bir mərhələyə keçdi. Ümumiyyətlə son iki həftədə Azərbaycan mətbuatında davamlı olaraq Güney Azərbaycandan bəhs edilməsi bizim üçün tarixi önəm kəsb edirdi. Amma bu gün Prezident İlham Əliyevin artıq bu mesajları beynəlxalq səviyyədə deməsi, Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə bu məsələni gündəmə gətirməsi, çox kəskin və qətiyyətli şəkildə bizə dəstək verməsi tariximizin fərəhli günlərindəndir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayan lideri, GünAz TV-nin sahibi Əhməd Obalı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu çıxışı Güneyli-Quzeyli bütün azərbaycanlıları sevindirib: “Bir Güneyli olaraq buna çox sevinirik və qürur hissi keçiririk. Heç şübhəsiz ki, Quzeyli bacı-qardaşlarımız da eynən mənim kimi, Güney Azərbaycanlılar kimi sevinirlər. Biz parçalanmış olsaq da bir millətik və xalqımızın böyük bir hissəsi İran adlanan ölkədə, Güney Azərbaycanda böyük təzyiqlərə məruz qalır. Ana dilimiz məktəblərdə qadağandır. Yüz ilə yaxındır ki, bizi əritmək, yox etmək siyasəti yürüdürlər. Hətta xalqımızın bir hissəsini türklükdən məhrum etməyə, yəni sənədlərdə, müvəffəq olublar. Bu baxımdan Azərbaycan Prezidentinin bugünkü çıxışı həm tarixi bir çıxışdır, həm də Güney Azərbaycanlılara yenidən bir ruh vermə, yenidən ayağa qalxmaq üçün təkan vermə baxımından önəm kəsb edir”.

Ə.Obalı deyib ki, bu çıxışın davamı olaraq praktik addımların atılacağına da şübhə yoxdur: “Bu addımlar isə hər iki tərəfdən atılmalıdır. Güney Azərbaycanlılar bu çıxışdan sonra yenidən təşkilatlanmaq, birlikdə hərəkət etmək və vahid məqsəd naminə bir araya gəlmək üçün hərəkətə keçməlidirlər. Biz bu çıxışa görə Azərbaycan Prezidentinə minnətdarıq”.

“Əminəm ki, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışından sonra Qərb ölkələrində də Güney Azərbaycan məsələsi ön plana çıxarılacaq. Elə bizim də arzu etdiyimiz bu idi. Artıq bütün dünya Güney Azərbaycan amilini qəbul edəcək. Eyni zamanda hər kəs biləcək ki, İran adlanan ölkədəki azərbaycanlılara öz dillərində təhsil almağa imkan verilmir. Onların tarixi təhrif olunur, bütün hüquqları İran rejimi tərəfindən kobudcasına pozulur. Milli kimliyimiz fars-molla rejiminin təmsilçiləri tərəfindən hər gün təhqir olunur. Yerüstü və yeraltı sərvətlərimiz talan olunur. Bir sözlə, bizə qarşı açıq şəkildə müstəmləkəçi siyasət yürüdülür. Bizə qarşı olan bu təzyiqlərə dur deməyin vaxtıdır və Azərbaycan Prezidentinin çıxışından sonra biz daha mütəşəkkil şəkildə ayağa qalxmalıyıq. Güney Azərbaycan Cümhuriyyətinin yaradılması ən doğru hədəf olmaldır. Başqa yol yoxdur. Bizim azadlığımız Güney Azərbaycan Cümhuriyyətinin qurulmasından keçir”, – deyə Ə.Obalı sonda əlavə edib.

Mission News Theme by Compete Themes.