Press "Enter" to skip to content

Bu mesaj birbaşa Güney Azərbaycan türklərinə və İran dövlətinədir

Məcid Cavadi Araz

Məcid Cavadi: Mən bir Güney Azərbaycan türkü və bir Güney Azərbaycan təşkilatının üzvü olaraq cənab Prezidentimizə çox böyük təşəkkürlərimi bildirirəm

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin bu gün Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı, xüsusilə də 40 milyon azərbaycanlının ana dilindən məhrum olması ilə bağlı dediyi sözlər çox böyük və strateji önəm kəsb edir. Hər kəs yaxşı anlayır ki, bu 40 milyonun böyük bir hissəsi Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Azərbaycan türkləridir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

M.Cavadi bildirib ki, bu mesaj, əslində, birbaşa Güney Azərbaycan türklərinə və İran dövlətinədir: “Bu, İran dövlətinə açıq bir mesajdır ki, artıq rəsmi Tehran Güney Azərbaycan türkləri və türk əsilli digər vətəndaşlarının haqlarını görməzdən gələ bilməyəcək. Çünki Azərbaycan dövləti artıq onların haqlarını müdafiə edir. Onu da deyim, ilk dəfədir ki, Güney Azərbaycan məsələsi bu səviyyədə dünya ictimaiyyətinə çatdırılır. Özü də beynəlxalq tədbirdə. Ona görə də cənab Prezidentin bu çıxışı Güney Azərbaycan türkləri tərəfindən birmənalı olaraq böyük sevinc və qürur hissi ilə qarşılanır. Mən bir Güney Azərbaycan türkü və bir Güney Azərbaycan təşkilatının üzvü olaraq cənab Prezidentimizə çox böyük təşəkkürlərimi bildirirəm”.

“Cənab Prezident Qarabağ məsələsində göstərdiyi qətiyyəti eyni ilə Güney Azərbaycan məsələsində də ortaya qoyub. Cənab İlham Əliyev bu qətiyyəti və həyata keçirdiyi qətiyyətli, düşünülmüş siyasəti ilə həm Azərbaycan, həm də bütövlükdə türk tarixinə öz adını yazdırır. Heç şübhəsiz cənab Prezidentin bu qətiyyətli çıxışı hazırda İrana hakim olan fars faşizmini xeyli qəzəbləndirəcəkdir. Amma nəticə etıbarı ilə bizim bu davamız haqq davasıdır. Prezidentimiz də millətimizin haqq səsini dünyada ucaldır. Ona görə də Quzeyli-Güneyli bütün Azərbaycan türkləri, bütün azərbaycanlılar Prezidentə birmənalı olaraq dəstək verməliyik. Hesab edirəm ki, Azərbaycan dövlətinin bu yeni siyasəti Azərbaycanın həm Quzeyinin, həm də Güneyinin taleyində böyük tarixi dəyişikliklər yaradacaq. İnşallah, Güneyli-Quzeyli Azərbaycan olaraq daha aydın günlərə doğru addımlayacağıq”, – deyə M.Cavadi bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 11-də qardaş Özbəkistanın qədim Səmərqənd şəhərində, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündəki çıxışında türk dünyası, o cümlədən də Azərbaycan Respublikasında yaşayan 40 milyon Azərbaycanlı ilə bağlı önəmli fikirlər səsləndirib. Bu isə o taylı, bu taylı Azərbaycanda böyük coşqu ilə qarşılanıb.

İlham Əliyevdən dünya türkləri ilə bağlı möhtəşəm sözlər – VİDEO

Mission News Theme by Compete Themes.