Press "Enter" to skip to content

Deputat kredit faizləri ilə bağlı güzəşt müddətini uzatmağa çağırır

Millət vəkili Vüqar Bayramov

BAYRAQDAR MEDİA – “Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox divident ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalma baş verməsin”.

Bu fikirlər Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramova aiddir. O, özünün sosial şəbəkə hesabında daha sonra qeyd edir: “Bu isə əslində o deməkdir ki, Azərbaycanda kredit faizləri yenidən arta bilər. Mərkəzi Bank özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalığı ilə əlaqələndirir. Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni əmanət gəlirləri vergiyə cəlb olunarsa o halda kreditlər bahalaşacaq”.

V.Bayramov, “Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit vahidi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır: 20.43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir” deyə qeyd edib.

“Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən divident, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatdı. Qeyd edim ki, Milli Məclisinin son plenar iclasında güzəşt müddətinin daha 1 il uzadılması və yeni mexanizmin hazırlanması təklifi ilə çıxış etdim”, – deyə deputat bildirib.

Mission News Theme by Compete Themes.