BAYRAQDAR MEDİA – “Siyasi həmrəylik, enerji təhlükəsizliyi, elm, mədəni diplomatiya sahəsində ortaq əməkdaşlıqlar üzərində çalışırıq. Biz sülhün, qarşılıqlı etimadın bərqərar edildiyi bölgə qurmağı hədəfləyirik”.
Bunu Türkiyənin Aəzrbaycandakı səfiri Prof. Dr. Birol Akgün “Dildə, fikirdə, işdə birlik – Türk dünyasının gələcəyi” mövzusunda keçirilən panel iclasdakı çıxışında bildirib.
Səfir, həmçinin “Elm və texnologiyadan tutmuş enerji əməkdaşlığına qədər birgə strategiyalar, proqramlar və layihələr hazırlamaq labüddür və biz bunu dəstəkləyirik. Mədəni diplomatiya sahəsində fəaliyyətlərin dərinləşdirilməsi, sadəcə, Türk dünyasında deyil, beynəlxalq ictimaiyyətdə də müsbət türk obrazının formalaşmasına vəsilə olacaq” deyə qeyd edib.
Çıxışında Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı atılan addımlara da toxunan Prof. Dr. Birol Akgün deyib ki, TDT sadəcə regional platforma deyil, eyni zamanda, həmrəyliyin bir təzahürüdür: “TDT-ni XXI əsrin yüksələn əməkdaşlıq modeli olaraq görürük. TDT beynəlxalq aləmdə əməkdaşlığı və həmrəyliyi təşviq edən platformadır”.
Səfir çıxışında Bakının 1926-cı ildə ilk dəfə keçirilən Türkologiya Qurultayına ev sahibliyi etdiyini də xatırladıb: “Bakı türk xalqlarının gələcək inkişafında rol oynayan məkan olub. Bu gün eyni şəkildə eyni dəyərlər naminə bir araya gəlmək kollektiv yaddaşın ifadəsidir. 1926-cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi və tarixi bir ana şahidlik etməyi səbirsizliklə gözləyirik”.









