Press "Enter" to skip to content

“Qızıl alma” ilə Qızıl Almaya doğru -VİDEO

"Qızıl alma" mükafatı təqdim edilərkən

Yaxud II Türk İnteqrasiya Olimpiadası da möhtəşəm türklük bayramı kimi yadda qaldı

BAYRAQDAR MEDİA – Mayın 3-də Türkçülük Günündə Azərbaycanda daha bir türklük şöləni yaşandı. Paytaxt Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final və mükafatlandırma mərhələsi keçirildi.

Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq
Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirildi.

Şəmil Sadiq: Cənab Prezidentin tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu

Tədbiri giriş sözü ilə açan Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq qeyd etdi ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu”.

Türk dövlətləri bayraqları ətrafında yallı
Türk dövlətləri bayraqları ətrafında yallı

Ş.Sadiq, həmçinin “Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Biz də fəaliyyətimizi o istiqamətdə qurmuşuq” dedi.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova

Ş.Sadiq çıxışında vurğuladı ki, TİO 10 ildən çoxdur, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb: “Bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.

Dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir

Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir.

Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov

O, qeyd etdi ki, hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

Millət vəkili Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov

Ş.Sadiq dedi ki, 300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:

– türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;

– Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

– türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

– türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri.

Mükafatlandırma zamanı
Mükafatlandırma zamanı

Şəmil Sadiq nəzərə çatdırdı ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər.

Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edib

İdeya müəllifi onu da bildirdi ki, Azərbaycanın regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”

Qaliblərdən bir qismi
Qaliblərdən bir qismi

Şəmil Sadiq əlavə etdi ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edib. Məlumat üçün bildirək ki, mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsi üzvləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər”.

KKTC-dən olan nümayəndə heyətinin rəhbərinə Təşəkkürnamə təqdim edilərkən
KKTC-dən olan nümayəndə heyətinin rəhbərinə Təşəkkürnamə təqdim edilərkən

Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova, millət vəkilləri- Vüqar Rəhimzadə və Ceyhun Məmmədov, elm xadimləri, təhsil müəssisələri rəhbərləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak edirdi.

3 şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə etdi

Mərasimdə də bəyan edildiyi kimi, II Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayı, online formada təşkil olunmuşdur. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak üçün haqq qazanıb.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl medal, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif edildi. Bundan əlavə ən yüksək nəticə göstərən 3 şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə etdi.

CASCFEN-in “Akıllı bala” özəl ödülü də təqdim edildi

Beləliklə, mükafatlandırma mərasimi Bakı şəhərində “Grand Neon” restoranında oldu. Qaliblərə medallar və sertifikatlar və qiymətli hədiyyələr təqdim olundu. İştirakçılar içərisində “Yaxşıların yaxşısı” nominasiyasının qalibi şagird “Qızıl alma” mükafatına layiq görüldü. Bu, əslində, bir çağırışdır, mesajdır. Necə deyərlər, “Qızıl alma” ilə ülkümüz olan Qızıl Almaya doğru inamla addımlayacayıq.

CASCFEN sədri Nadir Azəri çıxış edərkən
CASCFEN sədri Nadir Azəri çıxış edərkən

Onu da qeyd edək ki, layihəyə dəstək verən qurumlarddan biri -“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) bu ildən etibarən həm də Türk İnteqrasiya Olimpiadası üçün “Akıllı Bala” özəl ödülü təsis edilib.

Şamil Sadiq və Nadir Azərinin KKTC hüyəti ilə xatirə fotosu
Şamil Sadiq və Nadir Azərinin KKTC hüyəti ilə xatirə fotosu

CASCFEN-in qərarına əsasən bu il ödül Şimali Kiprdən Olimpiadanın finalında iştirak hüququ əldə edən məktəbliyə verilib.

III Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq

Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq 2-ci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının bu ilki buraxılışının təşkilatçıları, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Turan Universiteti, Azərbaycan Dövlət Televiziyası və Hədəf Şirkətlər Qrupudur.\

Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan Nəsibə Aydın məktəblərinin qurucusu Nəsibə Aydın (sağda) çıxış edərkən
Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan Nəsibə Aydın məktəblərinin qurucusu Nəsibə Aydın (sağda) çıxış edərkən

Layihəyə dəstək verən qurumlar SinKod, Faiqoğlu MMC, MUSİAD Azərbaycan, Nəsibə Aydın Məktəbləri, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN), Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, ELTA, Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, E12, HiLanguages və Hədəf Globaldır. TİO Təşkilat Komitəsinin qərarına əsasən III Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.

Mission News Theme by Compete Themes.