BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zamanlardan ucalan şəxsiyyət fenomeni” adlı lektoriya keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “MEK əməkdaşlarının və könüllülərinin iştirakı ilə keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyat yolu təkcə bir liderin taleyi deyil, bütöv bir xalqın inkişaf salnaməsidir. Direktor vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması, milli özünüdərk prosesinin güclənməsi və xalqın gələcək istiqamətinin müəyyənləşməsi baxımından misilsiz xidmətlər göstərib. MEK direktoru, həmçinin bildirib ki, bu kimi tədbirlər Ulu Öndərin irsinin daha dərindən öyrənilməsi, onun dövlətçilik fəlsəfəsinin gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Sonra xəbərdə, “MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova “Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası: tarixi kontekst və gələcəyə baxış” adlı məruzəsində bu gün yalnız böyük bir tarixi şəxsiyyətin həyatına deyil, həm də bütöv bir xalqın taleyinə işıq salmış bir liderin — Ulu Öndər Heydər Əliyevin anım günü olduğunu bir daha vurğulayıb. Heydər Əliyevin Azərbaycan tarixində nadir rast gəlinən bir fenomen olduğunu bildirən məruzəçi onun fəaliyyətinin konkret dövrlərin sərhədlərinə sığmadığını, zamanları aşaraq milli yaddaşda yaşadığını diqqətə çatdırıb” deyə qeyd edilir.
MEK-in əməkdaşı, baş kitabxanaçı Şölə Hüseynova isə gənclik illərinin müxtəlif dövrlərində Heydər Əliyevlə bağlı yadda qalan xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir çərçivəsində Ümumilli Lider Heydər Əliyevin dövlətçilik irsi, ölkənin sosial-iqtisadi inkişafında gördüyü işlər, elmi, mədəni və təhsil sahəsindəki yenilikləri, həmçinin Azərbaycan xalqının rifahı üçün atdığı strateji addımların əks olunduğu videoçarx nümayiş olunub.





