BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə 30 ukraynalı uşaqdan ibarət daha bir qrup sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün Azərbaycana gətirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “ukraynalı uşaqlar Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində xidmətlərlə təmin ediləcəklər. Bu müddətdə onların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi ilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. növlərdə reabilitasiya xidmətləri də göstəriləcək”.
Daha sonra xəbərdə, “ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə onlar üçün müxtəlif ekskursiyalar, stolüstü oyunlar, müxtəlif yarışlar və digər tədbirlər də proqrama daxil edilib. Qeyd edək ki, ötən dövrdə Agentlik tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz