Xaçmaz rayonunun ən yüksək nəticə göstərən abituriyenti Ayxan Yusifli ilə söhbət
BAYRAQDAR MEDİA – Bu söhbət mənim üçün adi bir müsahibə deyil. Eyni kəndin övladlarıyıq. Onun uğurlarını illərdir böyük qürurla izləyirəm. Birinci sinifdən etibarən əlaçı şagird kimi seçilən, VII sinifdə Respublika Fənn Olimpiadasında fizika üzrə qızıl medal qazanan, IX sinifdə Respublika Fənn Olimpiadasının finalçısı olan və buraxılış imtahanında 297 bal toplayaraq region birincisi seçilən Ayxan (ümumi olaraq 682.5 balla həm də ölkənin ən çox bal toplayan abituriyentlərindən biri) bu il tam orta məktəbi də Xaçmaz rayonunun ən yüksək nəticə göstərən məzunu kimi və ən yüksək nəticə göstərən abituriyenti kimi başa vurdu.
-Ayxan, eyni kəndin övladı olduğumuz üçün bu, müsahibədən çox söhbətə oxşayacaq. Uğurlarını böyük qürurla izləyirəm. İlk növbədə səni ürəkdən təbrik edirəm! Xaçmaz rayonunda ən yüksək nəticə göstərən abituriyent olmaq sənə nə hiss etdirir?
-Əlbəttə, bu, çox qürurverici hissdir. Rayon üzrə ən yüksək nəticə göstərən biri kimi deyə bilərəm ki, bacardığımı və uzun illərin zəhmətinin bəhrəsini gördüyümü hiss edirəm. Belə yüksək nəticə göstərmək həqiqətən çox sevindiricidir. Bu uğur mənə bir daha göstərdi ki, indiyədək çəkdiyim zəhmət hədər getməyib. Hazırda Xaçmaz rayonu üzrə ən yüksək nəticə göstərən abituriyent olmaq mənim üçün böyük qürur mənbəyidir.
-Oxuduğumuz məktəbin və müəllimlərimizin bizim formalaşmağımızda rolunu necə dəyərləndirirsən?
-Məktəbin və müəllimlərimizin bizim formalaşmağımızda rolu çox böyükdür. Çünki orta məktəb uşaqlığımızdan – 5-6 yaşdan gənclik dövrümüzə, təxminən 17 yaşa qədər olan böyük bir mərhələni əhatə edir. Bu müddətdə müəllimlər bizə yalnız fənləri öyrətmirlər. Təhsildən kənar bir çox məsələlər barədə də bizimlə söhbət edir, bizə yol göstərirlər. Bu da cəmiyyətdə bir fərd kimi yetişməyimizdə böyük rol oynayır.
Mən də müəllimlərimə çox minnətdaram. Onların sayəsində həm yüksək bal topladım, təhsil sahəsində uğur qazandım, həm də cəmiyyətdə yaşamaq, insanlarla münasibət qurmaq və bir çox məsələlərdə özümü inkişaf etdirdim. Məktəbin və müəllimlərin rolu, məncə, əvəzsizdir.
-Birinci sinifdən bu günə qədər səni yolundan döndərməyən əsas amil nə olub?
-Əsas amil hədəflərim olub. Deyə bilmərəm ki, birinci sinifdən etibarən bütün hədəflərim dəqiq müəyyənləşmişdi. Amma yuxarı siniflərə keçdikcə başa düşdüm ki, hədəflərim gələcəyimi qurmaq, təhsil sahəsində irəliləmək və öz yolumu tapmaq üçün çox vacibdir.
Gələcəyimi özüm qurmaq istəyim və buna verdiyim dəyər məni həmişə ruhlandırıb. Qarşıma hansı maneələr çıxıbsa çıxsın, həmişə irəli getməyə çalışmışam.
-VII sinifdə Respublika Fənn Olimpiadasında fizika üzrə qızıl medal qazandın. Bu uğur sənə nəyi sübut etdi – istedadını, yoxsa zəhmətin bəhrəsini?
-Əslində, hər ikisini sübut etdi – həm istedadımın olduğunu, həm də zəhmətin nə qədər vacib olduğunu.
Özüm də texniki fənlərə qarşı xüsusi marağım və istedadım olduğunu hiss edirəm. Digər sinif yoldaşlarımdan və dostlarımdan fərqli olaraq bu sahəni daha tez anlayır, rahatlıqla və dərindən öyrənə bilirəm.
Amma zəhmətin də burada böyük rolu var. Bəzən uşaq istedadlı olur, lakin çalışmır. Bu zaman istedad da öz əhəmiyyətini itirir. VII sinifdə məktəbdən əlavə fizikaya xeyli vaxt ayırdım, çoxlu məsələlər həll etdim. Bu da məni xeyli gücləndirdi. Məncə, məhz istedadla zəhmətin sintezi məni uğura apardı.
-IX sinifdə həm Respublika Fənn Olimpiadasının finalçısı oldun, həm də buraxılış imtahanında 297 balla region birincisi seçildin. Bu nəticələri əldə etmək nə dərəcədə çətin idi?
-Asan deyildi. Hər şagirdin edə biləcəyi bir şey deyil. Çünki bunun arxasında planlı və əzmlə çalışma dayanır. IX sinifdə həm olimpiadaya, həm də buraxılış imtahanına hazırlaşmaq – ikisini bir arada bacarmaq kifayət qədər ağırdır.
Kiçik bal çatışmazlığına görə finalda istədiyim nəticəni göstərə bilməsəm də, ümumilikdə bunun böyük bir uğur olduğunu düşünürəm. Nizamlı, ardıcıl və çox çalışaraq məqsədə çatmaq mümkündür. Sadəcə bunun üçün müəyyən əziyyətlərə qatlaşmaq lazımdır.
-Müxtəlif intellektual yarışlarda komandanın kapitanı olmusan. Liderlik sənə nələr öyrətdi?
-Liderlik mənə bir çox şey öyrədib. Lider olmaq komandanı bütövləşdirmək, qorumaq və ona nəzarət etmək deməkdir. Kapitan olmaq yalnız yarışmada iştirak etmək deyil, həm də komanda ruhunu qoruyub saxlamaqdır.
Liderlik mənə komanda üzvlərini bir arada tutmağı, onların komanda işindən qopmamasını və onları ruhlandırmağı öyrədib.
-2025-ci ildə “Əlaçı” televiziya layihəsində iştirak etdin. Kamera qarşısında olmaqla imtahan masasının arxasında oturmaq arasında hansı oxşarlıq və fərqləri hiss etdin?
-Oxşarlıq ondadır ki, hər ikisi təhsil və biliklə bağlıdır. Hər ikisində beynini işlətmək, öyrəndiklərini yadda saxlamaq və tətbiq etmək lazımdır.
Fərq isə həyəcandadır. İmtahanda da həyəcan olur, amma oturub sualları cavablandırırsan. Efirdə isə tamamilə fərqli həyəcandır – həm stress, həm vaxt məhdudiyyəti, həm də nəticənin nə olacağı ilə bağlı düşüncələr var. Ona görə efir həyəcanını daha ağır hesab edirəm.
-Atan tanınmış jurnalist, anan fizika müəllimi, qardaşın da informatika üzrə medalçıdır. Belə bir ailədə böyümək səndə daha çox rəqabət hissi yaradıb, yoxsa qarşılıqlı dəstək?
-Əsasən qarşılıqlı dəstək formalaşdırıb. Ailəmizdə atam və anam həmişə qardaşıma və mənə dəstək olublar. İrəli getməyimizə kömək ediblər, uğur qazandıqda bizimlə birlikdə seviniblər. Həmişə hər şeyi bir yerdə yaşamışıq.
Amma yaxşı mənada rəqabət də olmalıdır. Məsələn, qardaşımla aramızda bəzən rəqabət olur. Bu da bir-birimizi daha da inkişaf etdirməyə xidmət edir.
-Tam orta məktəbi də rayon birincisi kimi başa vurdun. Bu uğurun arxasında ən çətin mübarizən nə və ya kimlə idi: suallarla, zamanla, yoxsa özünlə?
-Ən böyük mübarizəm suallarla və zamanla deyil, daha çox özümlə olub. Sualların öhdəsindən gəlmək mümkündür, zamanı da düzgün bölüşdürəndə çatdırmaq olur. Amma insanın öz düşüncələri ilə mübarizəsi daha çətindir.
Bəzən insanın öz düşüncələri onu pis vəziyyətə sala bilər. “Birdən uğur qazana bilmərəm” düşüncəsini kənara atmaq özü böyük cəsarət tələb edir. Ona görə də əsas mübarizə insanın özü ilə olmalıdır. Mənim də ən böyük mübarizəm əsasən özümlə olub.
-İnsanlar səndən həmişə yüksək nəticə gözləyiblər. Bu gözlənti daha çox motivasiya edib, yoxsa bəzən sənin üçün yükə çevrilib?
-Bu sualı çox xoşladım. Çünki yüksək bal toplayan şagirdlərin üzərinə müəyyən məsuliyyət qoyulur. Əlbəttə, insan sevinir ki, ona güvənirlər, inanırlar, onun nəyəsə qadir olduğunu düşünürlər. Amma bununla yanaşı daxildə “birdən bacarmaram” qorxusu da yaranır.
Mən isə özümə həmişə “Mən bunu bacaracağam və bundan sonra da davam edəcəyəm” demişəm. Bu düşüncə mənə kömək edib. Amma bu o demək deyil ki, həmişə rahat olmuşam. Bəzən bu gözlənti və məsuliyyət məni də yorurdu.
-Elə bir öyrənmə vərdişin varmı ki, bunu hər abituriyentə tövsiyə edərdin?
-Bəli. Bir az klassik səslənəcək, amma həqiqətən çox faydalı üsuldur: dərsi kiməsə izah edirmiş kimi öyrənmək.
Bu üsulla öyrənilən dərslər həm daha yaxşı yadda qalır, həm də sanki özümüz öyrətdiyimiz üçün unutmuruq. Məsələn, riyaziyyatdan tapşırıq işləyərkən onu özümüzə danışaraq, addım-addım izah edərək həll etmək çox yaxşı metoddur. Məncə, bunu istənilən fəndə tətbiq etmək olar.
-Nələrdən könüllü şəkildə imtina etməli oldun?
-Konkret olaraq “bundan imtina etdim” deyə biləcəyim xüsusi bir şey yoxdur. Amma ümumi olaraq hazırlıq müddətində istirahətimdən imtina etməli oldum. Yuxusuz qaldığım gecələr çox olub.
Bəzən ürəyim başqa bir şey etmək istəyib. Məsələn, maraqlı bir filmə baxmaq istəmişəm, amma qarşıda imtahan olduğu üçün özümü məcbur edib dərs çalışmışam. Son iki-üç ildə – xüsusilə IX, X və XI siniflərdə bir çox şeydən imtina etməli olmuşam. Amma düşünürəm ki, bütün bunlara dəyib.
-Səni çoxları təkcə yüksək nəticə göstərən şagird kimi yox, həm də YouTube-da təhsil məzmunu hazırlayan gənc kimi tanıyır. Bildiklərini başqaları ilə bölüşmək istəyi haradan yarandı?
-Bildiklərimi başqaları ilə bölüşməyi xoşlayıram. Məktəbdə, hazırlıqda, kursda mənə sual verənlərə kömək etməyi sevirəm. Səmimi deyirəm, bildiklərimi heç vaxt gizlətmirəm və kiməsə kömək etməkdən çəkinmirəm.
Bu, mənə daxildən gələn bir xüsusiyyətdir. Yardım etməyi sevən biriyəm. Hətta Instagram-da məni tanımayan insanlar da bəzən məndən kömək istəyirlər. Məsələn, imtahanda hansısa sualı necə yazdığımı soruşurlar və bacardığım qədər cavab verirəm.
YouTube kanalı açmaq da bir növ bundan qaynaqlandı. Həm bildiklərimi paylaşmaq, həm də insanların məni tanımasını istəyirdim. İndi düşünürəm, yaxşı ki, o vaxt istəyimin ardınca getmişəm və kanalı açmışam.
-Videolarında mövzuları izah edən Ayxanla imtahana hazırlaşan Ayxan arasında nə fərq var idi?
-Əslində, böyük fərq yox idi. Düşünürdüm ki, dərsi videoya alım, həm özüm izah edərək öyrənim, həm də başqaları ilə paylaşım. Yaxşı ki, bunu tətbiq etmişəm.
Sadəcə videoda müəyyən ayrıntılara daha çox diqqət etmək lazım gəlirdi. Məsələn, danışıq tərzinə, ləhcəyə və s. görə. Dərsi oxuyanda isə bunları düşünmədən daha rahat hazırlaşırdım.
-Səncə, olimpiadalarda və intellektual yarışlarda uğur qazananlarla qazana bilməyənlər arasındakı əsas fərq nədir?
-Məncə, ən önəmli məsələ zəhmət, əzm və iradədir. Uğur qazanmaq üçün insan daim öz üzərində çalışmalıdır. Özünü inkişaf etdirən və qarşısına məqsəd qoyan insan bu uğurlara nail ola bilər.
Tez həvəsdən düşmək, az çalışmaq, hədəfin olmaması insanı geriyə aparır. Ona görə də insan özünü inkişaf etdirən işlərlə məşğul olmalı və daim üzərində çalışmalıdır.
-Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə, səncə, gələcəyin uğurlu insanını fərqləndirəcək əsas bacarıq nə olacaq?
-Məncə, uğurlu insan daim öyrənən, yeniliklərə açıq olan, səhvlərindən qorxmayan və irəli gedən insandır.
Uğursuzluğa aparan əsas amillərdən biri təkrarçılıq, yeniliklərə açıq olmamaq və çalışmamaqdır. Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə insan daim özünü yeniləməli və öyrənməyə davam etməlidir.
-Gənclərin qarşısındakı ən böyük maneə nədir?
-Məncə, ən böyük maneələrdən biri rahatlığa öyrəşməkdir. İndi texnologiya və süni intellekt sayəsində bir çox iş hazır şəkildə qarşımıza çıxır. Bu da insanı asanlıqla rahatlığa alışdıra bilər.
Əslində, əsas maneə elə insanın özüdür. Özünü inkişaf etdirməmək, olduğu yerdə qalmaq, tənbəlliyə uyğunlaşmaq insanın qarşısındakı ən böyük maneələrdəndir.
Ona görə də insan öz iradəsi və daxili istəyi ilə çalışmalıdır. Tənbəlliklə mübarizə aparmaq, daim öyrənmək və özünü inkişaf etdirmək lazımdır. Hər şey hazır olanda belə, insan özünü çalışmağa məcbur etməyi bacarmalıdır.
-Gələcək planlarında özünü daha çox harada görürsən?
-Hazırda gələcəkdə özümü iki istiqamətdə görürəm. Azərbaycanda müxtəlif sahələrdə çalışmaq, müəyyən vəzifələrdə fəaliyyət göstərmək istəyirəm. Eyni zamanda xaricdə elmi layihələrdə iştirak etmək, müxtəlif insanlarla və qurumlarla əlaqələr quraraq işləmək də istəyirəm.
Xaricdə Azərbaycanı layiqincə təmsil edən bir şəxs kimi özümü görürəm. Əlbəttə, uzun illər sonranı nəzərdə tuturam. Hələ oxumaq, özümü inkişaf etdirmək qarşıdadır. Amma düşünürəm ki, gələcəkdə haqq etdiyim yerdə olaram. Bunu isə zaman göstərəcək.
-Bugünkü təcrübənlə beş il əvvəlki Ayxanın qarşısında dayansaydın, ona ilk hansı məsləhəti verərdin?
-Ona deyərdim ki, heç kimin fikrinin səni yolundan döndərməsinə imkan vermə, öz bildiyin doğru yolda irəlilə. Düzdür, Ayxan həmişə öz bildiyini etməyə çalışıb, amma bunu yaxşı mənada davam etdirməsini istəyərdim.
Əlbəttə, dəstək və kömək çox vacibdir. Amma insan ilk növbədə özü ilə barışıq olmalıdır.
Ona həm də deyərdim ki, həmişə irəli getsin, bezməsin, yorulsa belə ruhdan düşməsin. Qarşısına maneələr çıxacaq, yorğunluqlar və uğursuzluqlar olacaq. Əsas məsələ bunların qarşısında dayanmağı və yenidən ayağa qalxmağı bacarmaqdır.
-Gələcəkdə daha böyük uğurlar qazansan belə, itirməkdən qorxduğun hansı xüsusiyyətindir?
-İnsanları başa düşmək, onlara yardım etmək və empatiya hissi. Çünki özüm elə biriyəm ki, başqasının problemini tez başa düşməyi və ona kömək etməyi xoşlayıram.
Gələcəkdə çox uğurlu bir insan olsam belə, yalnız özümü düşünmək istəmərəm. Yenə də insanlara yardım edə bilmək istəyərəm. Ən çox itirməkdən qorxduğum xüsusiyyətlər bunlardır.
-Sən ard-arda uğurlar qazanmısan: qızıl medal, olimpiada finalı, region və rayon birinciliyi, “Əlaçı” layihəsi, komanda qalibiyyətləri, YouTube-da minlərlə izləyici… Bütün bunlara baxanda belə bir sual yaranır: Ayxan Yusifli uğur qazanır, yoxsa uğur Ayxan Yusiflini formalaşdırır?
-Məncə, hər ikisi baş verir. İnsan çəkdiyi əziyyətin nəticəsini gördükcə daha da inkişaf edir və irəli getmək istəyir.
Ayxan Yusifli uğur qazanır, qazandığı uğurlar isə Ayxan Yusiflini formalaşdırır və o, daha yeni uğurlar qazanır. Bu proses bir-birini tamamlayır.
İnsan uğur qazandıqca görür ki, artıq bacarır və deməli, daha irəli getməyə dəyər. Nəticəsini görən insan həmin uğuru bir daha yaşamaq istəyir. Mənim üçün də belə olub.
-Bu gün səni örnək götürən minlərlə məktəbli və ata-ana var. Onlara nə demək istərdin?
-Əsasən təhsil sahəsində məni örnək götürənlərə demək istəyərdim ki, həyatda qarşılarına hansı problem çıxırsa çıxsın, irəli getsinlər. Heç vaxt yollarından dönməsinlər, cəsarətli olsunlar və çətinliklərə sinə gərsinlər.
Mən özüm də hazırlıq prosesində çoxlu çətinliklər yaşamışam. Yorğunluq, bezmək kimi hallar olub. Amma onların öhdəsindən gəlməyə çalışmışam.
Mənim tövsiyəm bu olardı ki (həddim olmayaraq deyirəm əlbəttə), heç vaxt tamamilə təslim olmasınlar. Yorulduqları, bezdikləri an belə yenidən ayağa qalxmağa gücləri qalsın. Çünki insan çalışdıqca uğur qazanmaq şansı həmişə var.
-Və son olaraq… İllər sonra insanlar Ayxan Yusiflini yüksək bal toplamış bir abituriyent kimi deyil, necə bir insan kimi xatırlasınlar istərdin?
-Bu, çox gözəl sualdır. Mən faydalı bir insan kimi tanınmaq istərdim. Dəqiq deyə bilmirəm nədə faydalı, amma cəmiyyətə faydamın dəyməsini istəyirəm. Hətta dünyaya faydası dəymiş biri kimi tanınsam, çox sevinərdim.
İndi bu, bir az böyük fikir kimi səslənə bilər. Daha realist desəm, insanlara və cəmiyyətə faydası dəyən biri olmaq istəyirəm. Məsələn, hansısa ixtira ilə və ya süni intellekt dövründə bu sahədə gördüyüm işlərlə faydalı olmaq istərdim.
Hazırda mən dəqiq bilmirəm gələcəkdə nə ixtira edəcəyəm və hansı layihəni həyata keçirəcəyəm. Amma informasiya texnologiyaları və süni intellekt sahəsində uğur qazanan, insanlara fayda verən biri kimi tanınmaq istəyərdim.
Çünki mənim üçün ən böyük uğur sadəcə yüksək bal toplamaq deyil. Əsas məsələ qazandığın biliklərlə kiməsə və nəyəsə fayda verə bilməkdir.










İlk şərhi yaza bilərsiniz